30 Oktyabr 2023, 13:26
Sülh danışıqları fonunda Fransa Ermənistanı silahlandırır - Səxavət Məmmədin şərhi
Sülh danışıqları fonunda Fransa Ermənistanı silahlandırır - Səxavət Məmmədin şərhi şəkil
Sülh danışıqları fonunda Fransa Ermənistanı silahlandırır - Səxavət Məmmədin şərhi

Ermənistan Fransa ilə artıq silah almaqla bağlı saziş imzalayıb. Ermənistan Fransadan ehtiyac duyduğu silahları alacaq. Hazırda Ermənistan hava məkanı ən zəif qorunan ölkələrdəndir. Bunun səbəbkarı da Azərbaycandır. 44 günlük müharibə zamanı Azərbaycan ordusu Ermənistan ordusunun hava hücumundan müdafiə sistemlərini sıradan çıxarıb. Dolayısı ilə Ermənistan hazırda boşluqlarını doldurmaqla məşğuldur. Məsələ ondadır ki, Ermənistan bu boşluğu doldurmaq üçün bir neçə ilə və bir neçə yüz milyon dollara ehtiyac duyacaq.

Fransa təbii ki, Ermənistana silah satmaqda siyasi maraqlarının həyata keçməsini də hesablayır. Belə ki, Fransa Cənubi Qafqazı Rusiyanın əlindən çıxarmağı hədəfləyir. Yeri gəlmişkən Cənubi Qafqaz Fransa ilə Rusiya qarşıdurmasının yaşandığı ilk yer deyil. Fransa ilə Rusiya bir müddət əvvəl Afrikada qarşı-qarşıya gəlmişdi. Ruslar Afrikada Fransanı geri addım atmağa məcbur etdi. Maraqlıdır ki, Rusiya Cənubi Qafqazda səbrli davranmaqdadır. Bunun müxtəlif səbəbləri var. Birincisi, Rusiya zamanın və münbit şəraitin yetişməsini gözləyir. Daha çox bəhanə axtarışındadır. İkincisi isə, Rusiya hazırda Ukraynadakı hərbi əməliyyatların tam yekunlaşmasını gözləyir. Rusiya bilir ki, Cənubi Qafqaza müdaxilə etsə, özü ikinci cəbhə açacaq. Hazırda Avropa ölkələrinin və ABŞ-nin başı İsrail HƏMAS qarşıdurmasına qarışdığı üçün ruslar Ukraynada təzyiqi artırır. Yəni, hazırda Cənubi Qafqaz Rusiya üçün üçüncü, dördüncü dərəcəlidir.

Fransa bunu bilir və ona görə də, həm Afrikanın revanşını alır, həm də fürsətdən istifadə edərək təzyiqi artırır. Ermənistan Fransadan aldığı dəstəklə Rusiyadan qopmaqdadır. Hazırda tərəflər bir-birini ittiham edir, informasiya müharibəsi aparır. Maraqlıdır ki, artıq Ermənistan iqtidarı belə 102-ci hərbi bazanın çıxarılmasını dilə gətirir. Ermənistan baş naziri Nikol Paşinyan 102-ci bazaya ehtiyac duymadıqlarını dilə gətirib.

Artıq iddialar gəzir ki, Fransa Ermənistanda hərbi baza yerləşdirmək istəyir. Fransanın Ermənistana hərbi baza yaratması region üçün təhlükəlidir. Təkcə Cənubi Qafqaz ölkələri üçün yox, elə regionda maraqları olanlar üçün də. Ona görə də, Ermənistanın bu cür davranışları təkcə Azərbaycanı yox, Rusiya, Türkiyə, elə İranı qıcıq edəcək. Gürcüstan tərəfi də regiona başqa oyunçunun gəlməsində maraqlı olmadığını dilə gətirib. Hətta buna görə Ermənistana mesaj da verib.

Məsələ ondadır ki, Ermənistan heç nəyə məhəl qoymadan özünə tərəfdaş axtarmaqdadır. Ermənistan rəhbərliyi də bilir ki, onlar tərəfdaş olmadan yaşaya bilməzlər.

Ermənistanla Azərbaycan arasında hazırda sərhəddə atəşkəs höküm sürür. Tərəflər sülh müqaviləsi imzalamağa hələki yaxın durmasalar da, sakit davranmaqda maraqlıdırlar.

Amma dünyada və regionda proseslərin sürətlə dəyişməsini nəzərə alsaq, Cənubi Qafqazda da proseslərin sürətlə dəyişmə ehtimalı yüksəkdir. Bu baxımdan istənilən ssenarilərə hazır olmaqda fayda var.

Səxavət Məmməd

Son xəbərlər
Samuxda süni sututarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Türkiyə Ordusu dörd terrorçunu zərərsizləşdirib
Azərbaycan PL: "Şamaxı" Sumqayıt"ı əliboş yola saldı
Conson: Putini şoka salmaq vaxtıdır, yoxsa qalib gələcək
Bakıda qadın dəm qazından zəhərlənərək ölüb
Avtomobilin yolda qalması nəqliyyat sıxlığına səbəb olub - YENİLƏNİB
Misir Ərəb Liqasının fövqəladə sammitini çağırıb
Hakimliyə namizədlər üçün yazılı imtahan keçirilib