Fransada hökumət sözçüsü müvəqqəti olaraq dəyişdiriləcək
Fransanın ekoloji keçid məsələləri üzrə nazir-delegatı Matye Lefevr altı həftə müddətinə ölkə hökumətinin rəsmi nümayəndəsinin vəzifəsini icra edəcək.
Operativ Media xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
O, analıq məzuniyyətinə çıxan Mod Brejonu əvəz edəcək. Lefevr yeni vəzifə öhdəliklərini yerinə yetirməklə yanaşı, hazırkı vəzifəsini də qoruyacaq.
Yelisey sarayından bildirilib ki, bu dəyişiklik hökumət kabinetində kadr dəyişikliyi deyil, vəzifə öhdəliklərinin müvəqqəti bölüşdürülməsidir.
Qəzetin məlumatına görə, əvvəlcə bu vəzifəyə Silahlı Qüvvələr Nazirliyinin yanında nazir-delegat Alis Rüfo da nəzərdən keçirilib. Lakin o, prezident Emmanuel Makronun səlahiyyət müddəti başa çatanadək hökumətin rəsmi nümayəndəsi vəzifəsində qalmaq şərtini irəli sürərək təklifi qəbul etməyib. Bu tələb ölkə rəhbərliyini qane etməyib.
Nəşr qeyd edib ki, Lefevr və Brejondan fərqli olaraq, Rüfo qarşıdakı prezident seçkilərində namizədlərdən heç birini dəstəkləmir. Digər iki siyasətçi isə sabiq baş nazir Eduar Filippin prezidentlik kampaniyasında iştirak edir.
Fransada prezident seçkilərinin birinci turu 2027-ci il aprelin 18-nə təyin olunub. Heç bir namizəd səslərin 50 faizindən çoxunu qazana bilməsə, ən çox səs toplamış iki namizəd mayın 2-də keçiriləcək ikinci turda mübarizə aparacaq.