Azərbaycanda 2019-cu ildən elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı əlavə dəyər vergisindən azad olunub. 2021-ci ildən isə istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışının, habelə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı ƏDV-dən azad edilib.
“Operativ Media” xəbər verir ki, son 3 ildə ölkəyə gətirilən elektromobillərin sayı da xeyli artıb.
Hazırda bazarda bu avtomobillərin qiyməti 13 min manatdan başlayır. Marka və modelə, istehsal ilinə və qət etdiyi yürüş məsafəsinə görə qiymətlər 200 min avroya qədər dəyişir.
Avtomobil satışı ilə məşğul olan Elnur Sərdarlı saytımıza bildirib ki, hazırda bazarda bu maşınlara tələbat az olsa da, sayı artmaqdadır.
“Ən ucuz “Nissan”lardır. Qiyməti 13 min manatdan başlayır. Amma ili köhnə olur. Tam dolu şarjla 100-120 km məsafə qət etdiyinə görə alıcısı az olur. Ümumiyyətlə, bu maşınlar Azərbaycan bazarı üçün yeni deyil. İllərdir ki, istifadə olunur. Sadəcə şarj yerləri az olduğuna görə, xaricdən az gətirilirdi”.
Elnur Sərdarlının sözlərinə görə, son zamanlar bazarda Çin istehsalı elektromobillər çox artıb.
“Vergidən azad olduqdan sonra demək olar ki, Azərbaycan bazarına yad markalar peyda oldu. Bu avtomobillər 0 kilometr yürüşlə və kreditlə satılır. 21 min manatdan başlayan qiymətlərlə tam şarjla 250-300 km yol qət edən Çin istehsalı elektromobil almaq mümkündür. 6 il və ya 120.000 km rəsmi zəmanət verilən bu avtomobillər görünüşünə görə alıcı tapmaqda çətinlik çəkir”.
Bazarın ən bahalı elektromobilləri isə bir qayda olaraq, “Tesla”,”Mercedes”, “Audi”, “Volkswagen”, “BMW” “ZEKR” markalarıdır.
“Bazara ilk daxil olanlardan biri “Hyundai” olsa da, “Audi” satışları çox oldu. Hazırda isə “Volkswagen”in İD modelləri daha çox satılır. ”Mercedes” və “BMW”lər isə 200 min avroya qədər qiyməti yüksəlir. Belə bahalı avtomobillər demək olar ki, şəhərdə barmaqla sayılası qədərdir. Hələki bazarda ən çox satılan dizel mühərrikli avtomobillərdir. Elektromobillərin qiyməti isə rəqabətə uyğun olaraq 5-10% arası ucuzlaşıb”-deyə o qeyd edib.






