MKA "Apple" istifadəçilərinə xəbərdarlıq edib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "Apple" şirkətinin məhsullarında aşkarlanmış təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə xəbərdarlıq edib.
Operativ Media Agentliyə istinadən xəbər verir ki, "iOS", "iPadOS" və "macOS" əməliyyat sistemlərinin müəyyən versiyalarında qeydə alınmış bu boşluq kiberdələduzların cihazları ələ keçirməsinə şərait yaradır.
Belə ki, hazırda vətəndaşlara xarici nömrələrdən zənglər edilir, "WhatsApp" və "Telegram" hesablarına aldadıcı mesajlar vasitəsilə zərərli fayllar göndərilir. Həmin fayllar əməliyyat sistemlərinin son yenilənmiş versiyalarını istifadə etməyən vətəndaşların cihazlarının dələduzlar tərəfindən ələ keçirilməsinə yol açır. Bu da istifadəçi məlumatlarının icazəsiz əldə edilməsi ilə nəticələnə bilər.
MKA istifadəçilərə aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:
- "iPhone", "iPad" və "Mac" cihazlarının əməliyyat sistemlərini mövcud olan ən son versiyaya yeniləyin;
- Naməlum və etibarsız mənbələrdən gələn faylları açmayın;
- Avtomatik sistem yeniləmələrini aktiv edin.