Angela Merkel: Almaniyanın növbəti prezidenti qadın olmalıdır
Almaniyada ölkənin növbəti prezidenti postuna qadın namizəd seçilməlidir.
Operativ Media xəbər verir ki, bu barədə 2005-2021-ci illərdə Almaniyada hökumət başçısı olmuş sabiq kansler Angela Merkel "Magenta TV"yə müsahibəsində danışıb.
"Almaniya Federativ Respublikasının 77 illik tarixi ərzində hələ heç vaxt qadın federal prezident olmayıb".
Onun fikrincə, hazırda hər kəs dövlət başçısı vəzifəsinə qadının seçilməsi vaxtının çatıb-çatmadığı barədə düşünməlidir. Keçmiş kansler bu posta layiq olan qadın siyasətçiləri tanıdığını qeyd etsə də, onların adlarını açıqlamaqdan imtina edib.
Nəzərə çatdıraq ki, 2027-ci ilin yanvar ayının 30-da Almaniya dövlətinin növbəti rəhbərini seçmək məqsədilə xüsusi orqan olan Federal Məclis toplanacaq. Həmin qurum 1 260 nümayəndədən ibarətdir, onların tən yarısı Bundestaqın deputatları, digər yarısı isə federal əyalətlərin parlamentləri tərəfindən irəli sürülmüş seçicilərdir.
Xatırladaq ki, Almaniyanın hazırkı prezidenti Frank-Valter Ştaynmayer iki müddət ardıcıl olaraq bu vəzifəni icra etdiyi üçün yenidən öz namizədliyini irəli sürə bilməz.