"Azərbaycanda dəm qazından zəhərlənmənin qarşısını almaq üçün sərt nəzarət tədbirləri görmək lazımdır".
Bunu "Operativ Media" ya açıqlamasında enerji məsələləri üzrə ekspert Nail Əliyev bildirib.
Ekspertin sözlərinə görə, ilk növbədə tələblər müəyyən edilməli, hadisənin səbəbləri araşdırılmalıdır:
"Bu qədər insanın zərər görməsi dəhşətdir. Təcili olaraq sərt tələblər müəyyənləşdirilməlidir. Qəzalar əsasən həyət evlərində baş verir. Biz dəfələrlə bu məsələlərin təhlilində iştirak etmişik. Eyni isitmə sistemi Türkiyədə də istifadə olunur. Hər bir cihazın sertifikatı var. Türkiyədə bu tip hadisələr Azərbaycanla müqayisədə çox aşağıdır. Sual verirəm eyni cihazdırsa, niyə partlayışlar Azərbaycanda daha çox olur? Bina evlərində mətbəxin yerini dəyişmək, qaz xəttinin yerini dəyişmək olmaz. Yoxlamalarda konkret olaraq belə hallara qarşı sərt yanaşma olmalıdır".
Ekspert deyir ki, avadanlıqlar quraşdırılarkan külək amili nəzərə alınmalıdır. Bakı küləkli şəhər olduğundan zəhərli qazları xaricetmə qurğusu düzgün montaj edilməlidir:
"Qaz cihazlarını qapalı məkanda saxlamaq qəti tövsiyyə olunmur. Hamamlarda, kiçik otaqlarda quraşdırılmamalıdır. İnsanların yuxuda olduğu bir vaxtda kiçik sızma ölümə səbəb olur. Ucuz isitmə sistemləri var ki, onlar qəti tövsiyyə olunmur. Üzərində qapayıcı olsa da, əksər hallarda işləmir. Dedektor alıb evdə asmaq daha yaxşıdır, çünki qaz sızması zamanı ana xətti bağlayır".






