"Azərsığorta" ləğv olundu, bəs avtomobillərin sığortasını kim qarşılayacaq?
Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov "Azərsığorta" ilə bağlı məsələyə aydınlıq gətirib.
"Operativ Media"ya açıqlama verən ekspert deyir ki, müştərilərin narahat olmağa heç bir səbəbi yoxdur:
"Onsuz da, bu prosesə 3-4 aydır ki, başlanılmışdı. Rəsmi olaraq indi Prezident bu qərarı imzaladı. Qərara əsasən də Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya şirkəti ləğv olundu. Bildiyiniz kimi, qurum artıq 2 ildən artıq idi ki, İnvestisiya Fondu tərəfindən maliyyələşdirilirdi, onun tərkibində idi. Bundan sonra da dekabr ayının sonuna yaxın sığorta agentlərinə ödənilməli olan pullar ödənildi və bu günə kimi də sığorta şirkəti öz tərkibində dəymiş zərərləri ödəyirdi. Ancaq bu ləğvdən sonra artıq bütün risklər də Qala Sığorta Açıq Səhmdar Cəmiyyətinə verildi. Qüvvədə olan sığorta müqavilələri artıq qüvvəsini itirənə kimi baş vermiş bütün sığorta hadisələri Qala Sığorta Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödəniləcək.
Ekspert qeyd edib ki, sığorta şirkətinin bağlanması o demək deyil ki, hansısa bir vətəndaş, hansısa bir sığortalı və ya həmin şirkətdən sığorta müqaviləsi əldə etmiş sığortalı zərərçəkmiş qismində qalacaq, hansısa riskləri ödənilməyəcək: "Dəymiş risk, əsasən də, icbari sığorta növləri ilə bağlı bütün risklər ödəniləcək, könüllü növlərlə bağlı risklər də həmçinin. Dəymiş risklər hadisə zamanı hesablanacaq və ləğv prosesinin qaydalarına uyğun olaraq bütün dəymiş zərərlər ödəniləcək".
Teqlər:
"\"Az\u0259rs\u0131\u011forta\" l\u0259\u011fv olundu b\u0259s avtomobill\u0259rin s\u0131\u011fortas\u0131n\u0131 kim qar\u015f\u0131layacaq?"