Hərbi sənayenin inkişafının 2-ci mərhələsində hansı yeniliklər gözlənilir?
“Hər kəs bilməlidir ki, Azərbaycanın son 20 ildə əldə etdiyi uğurlara 21-ci əsrdə nail olan ikinci bir dövlət yoxdur. Orduya göstərilən diqqət istər Vətən müharibəsində, istərsə də son antiterror tədbirlərində özünü göstərdi”.
Bunu “Operativ Media”ya açıqlamasında hərbi ekspert Bəxtiyar Mustafayev deyib.
Ehtiyatda olan polkovnikin sözlərinə görə, qələbənin təminatı orduya göstərilən diqqətdir. Son 20 ildə ordu arsenalını Azərbaycan kimi müasir silahlarla yeniləyən çox az dövlət olar.
“Ordu quruculuğunda yeniliklər isə bu gün də davam edir və Azərbaycan ordusu öz gücünü gündən-günə artırır. Alınan silahlar hibrid müharibə aparmağa tam imkan verir. Bu gün məqsəd şəxsi heyəti qorumaqla düşmənə maksimum zərbə vurmaqdır. Çünki əsas amil insan amilidir. Məhz buna görə də, PUA-ların, Hava Hücumundan Müdafiə vasitələrinin imkanları təkmilləşdirilir. Ordu quruculuğu ilə yanaşı hərbi sənayenin inkişafı xüsusi diqqət mərkəzindədir. Artıq hərbi sənayenin inkişafının 2-ci mərhələsi başlayıb. Bu mərhələdə artıq yerli isthesal silahlar hesabına idxal asılılığı aradan qalıdırılacaq”.
Hərbi ekspert deyir ki, arsenalda olan silahların yenilənməsi ilə yanaşı şəxsi heyətin peşəkarlığının artırılması da daima diqqət mərkəzindədir. Azərbaycan ordusunun hərbi qulluqçularının xarici ölkələrdə keçirdiyi təlimlər və ölkə daxilində yaradılan imkanlar buna nümunədir.
“Azərbaycan respublikasının ərazisində 3 gizirlər kolleci yaradıldı. Bu kolleclərin yaradılmasında məqsəd hərbi nöqteyi nəzərdən son texnologiyaların öyrənilməsi və praktikada tətbiqidir. Mütəxəsislərin hazırlanması silah texnologiyalarının effektiv tətbiqinə imkan verəcək. İstər müasir silahların alınması, istərsə də kadr hazırlığının peşəkarlığının artırılması ilə gələcəkdə Azərbaycan ərazi bütövlüyünə istənilən təhdidin qarşısını almağa imkan verir”.