2025-ci ildə Almaniyanı 1,24 milyondan çox insan tərk edib
2025-ci ildə Almaniyadan 1,24 milyondan çox insan mühacirət edib. Bu barədə Almaniya Federal Statistika İdarəsinin rəsmi məlumatlarında bildirilib.
Operativ Media xəbər verir ki, ölkəni tərk edənlər arasında həm Almaniya vətəndaşları, həm də digər Avropa İttifaqı ölkələrinin sakinləri olub.
Statistikaya əsasən, ötən il rekord sayda – 288,5 min Almaniya vətəndaşı ölkəni tərk edib. Ümumilikdə, Almaniyadan 494 min Aİ vətəndaşı və digər ölkələrin 461 minə yaxın sakini köçüb.
Mühacirət edənlər arasında Rumıniya və Ukrayna vətəndaşları üstünlük təşkil edib. Belə ki, Almaniyanı təxminən 173 min rumıniyalı və 97 min ukraynalı tərk edib.
Həmin ölkələr Almaniyaya gələnlərin sayına görə də ilk sıralarda yer alıblar. 2025-ci ildə təxminən 187 min ukraynalı və 170 min rumıniyalı Almaniyaya köçüb. Bu göstərici ölkəyə gələnlərin ümumi sayının (təxminən 1,4 milyon nəfər) dörddə birini təşkil edib.