http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Rus bölməsi üzrə siniflərin sayının artması Azərbaycan dilinin inkişafına necə təsir edir?

15 May 2024 , 15:55
Rus bölməsi üzrə siniflərin sayının artması  Azərbaycan dilinin inkişafına necə təsir edir?

Azərbaycanda təhsil müəssisələrində rus bölməsi üzrə 12 min yer olsa da, müraciət edənlərin sayı artmağa davam edir. Buna görə də yeni tədris ilində ölkə üzrə müəllim sayı uyğun olarsa, rus bölməsi üzrə siniflərin sayının artırılması planlaşdırılır.

Maraqlıdır, nə üçün əksər valideyn övladını rus bölməsinə yazdırır? Bu Azərbaycan dilinin inkişafına necə təsir edir?

Mövzu ilə əlaqədar təhsil eksperti Kamran Əsədov “Operativ Media”ya açıqlamasında bildirib ki, əgər rus bölməsinə olan artım tendensiyasının Azərbaycan dili bölmələrinin xeyrinə olmasını istəyiriksə, ilk növbədə bu sferada tədrisin səviyyəsi yüksəldilməlidir:

“Düzdür, indi rus dilində təhsilə dəb kimi yanaşanlar da var. Onların çoxu elə bilir ki, rus dilində oxuyan uşaqlar öz intellektləri ilə seçiləcəklər. Ancaq bu belə deyil. Əvvəla, indi əvvəlki intellektli müəllim nəsli azalıb. Məncə, uşaqların rus dilində təhsil almalarındansa, ingilis dilinə üstünlük vermələri daha məqsədəuyğundur. Rus dilini əlavə dil bilmək xətrinə öyrənmək olar. Amma ümumi tədrisi rus dilində almağa can atmaq düzgün deyil. Xüsusən əgər uşaq Azərbaycanda yaşayıb işləyəcəksə, öz dilində təhsil almalıdır. Ancaq əlavə dilləri mənimsəsə, gələcəyi üçün perspektivli olar”.

Ekspert qeyd edib ki, hal-hazırda ümumilikdə orta məktəblərin 7,6 %-də təhsil rus dilindədir. 4 472 orta məktəbin 340-ı rus məktəbidir. Bu məktəblərdə 90 min şagird oxuyur. Bu isə o deməkdir ki, ümumilikdə təhsil alan uşaqların 6,3 %-i rus dilində oxuyur. Doğrudur, orta məktəblərdə 450 min uşağa rus dili xarici dil kimi tədris edilir. Bu isə ümumi şagirdlərin 32 %-i deməkdir.

Bunlarla yanaşı ölkə üzrə ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin bölmələr üzrə sayı belədir: Azərbaycan bölməsi üzrə respublikada 1 428 608 nəfər şagird, rus bölməsində 131 412 nəfər, gürcü dili bölməsi üzrə 1 114 nəfər, ingilis dili bölməsi üzrə 5 457, fransız dili bölməsi üzrə 130, türk dili bölməsi üzrə isə 295 nəfər şagird təhsil alır. Ümumilikdə respublika ümumtəhsil məktəblərində 1 567 016 nəfər şagird qeydə alınmışdır. Sinif sıxlığına görə ən böyük göstərici hər sinifdə ortalama 27 şagirdlə türk dili bölməsindədir. Ölkədə şagird sayının çoxluğu müşahidə olunan azərbaycan və rus dili bölmələrində sinifdə şagird sıxlığı müvafiq olaraq 18 və 24 nəfər təşkil edir.

K. Əsədovun sözlərinə görə, rus dilində təhsilə meyli hər bir valideynin övladını layiqli mühitdə oxutdurmaq istəyi ilə əlaqəlidir:

“Əgər dərsliklərin keyfiyyəti düzəlməyibsə, müəllimlərin şagirdə primitiv münasibəti qalırsa, onda valideyn uşağını hansı bölməyə versin? Valideyn elə bir mühit axtarır ki, uşağı bu cür mənfi hallarla qarşılaşmasın. Valideynlər istəmir ki, onların uşaqları keyfiyyətsiz kitablardan dərs alsın. Ruslarda həm illüstrasiya, həm də məna baxımından kitab məsələsinə daha ciddi yanaşma var. Məsələn, yaxşı yazılmayan tarix kitabını kim oxuyar? Tarix kitabı peşəkar yazılmalıdır ki, bədii ədəbiyyatdan aldığın zövqü ondan alasan. Təsadüfi insanlar, qohum-əqrəba kitab yazmamalıdır. Bu amillər tədrisin keyfiyyətinə mənfi təsir edir. Biz Azərbaycan dilinin tədrisinin keyfiyyətini yüksəltməliyik. Həmçinin rus sektorunda Azərbaycan dilinin tədrisinə fikir verməliyik. Yəni rus bölməsində oxuyan şagirdlər də Azərbaycan dilini mükəmməl bilməlidirlər. Rus bölməsinin sayının artmasını faciəyə çevirməyə ehtiyac yoxdur”.

Ekspert deyib ki, son 70 ildə rus dilinin önəmliliyi olduqca yüksək idi və bu danılmazdır. Mütəxəssislərimizin bir qismi üçün Azərbaycancadansa, rus dili daha rahatdır:

“Təhsil sistemimizdə rus dilinin oynadıǧı rol böyük idi. Nəyə isə nail olmaq üçün gərək rusca səlis danışasan, varlı qohumun yaxud da qabiliyyətin yoxdursa. Hər bir insan nə qədər çox dil bilirsə, bir o qədər də onun uçun yaxşıdır. O ki qaldı rus dilinə, gəlin yaddan çıxartmayaq ki, dünyanin quru ərazisinin 6/1 hissəsinin insanları bu dildə danışırlar. Bu dildə həddindən artıq informasiyalar var ki, bizim üçün böyük bir informasiya məkanı yaradır. Bunun nəyi pisdir ki?

Düzdür, 2017-ci ildə Kiyevdə hələ ötən il rus dilində baza təhsilini qadağan etdilər, baxmayaraq ki, əhalinin 17%-i rusdur. Qazaxıstan da qazax dilində tam təhsilə keçdi. Gürcüstan və Baltikyanı ölkələr çoxdan rus dilini təhsil sistemindən çıxarıblar. Amma qeyd edim ki, rus dilini bilmək şagirdə böyük imkanlarından istifadə etməyə imkan verir, yarıboş və heç bir xarici dil bilməyən isə sadəcə hansısa yarımçıq bilgilər üçün yarayır. Ona görə də tam vətəndaş yetişdirmək üçün rus bölməsinə, bu bölmədə təhsilə ehtiyac var”.

Təhsil eksperti əlavə edib ki, son ildə ali təhsil müəssisələrinə müsabiqədə iştirak etmək hüququ qazananların 91.25 %-i Azərbaycan, 8.75 %-i isə rus bölməsinin abituriyentləri olub:

“Qeyd edim ki, hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlərin hesabına Azərbaycan bölməsinin abituriyentləri qəbul planının minimum 71.23, maksimum 92.57 %-ni, rus bölməsinin abituriyentləri isə minimum 7.43, maksimum 28.77 %-ni tuta bilərdilər. Göründüyü kimi, minimum və maksimum imkanlar arasında fərq kiçikdir. Bu isə Azərbaycan bölməsində daha hazırlıqlı gənclərin ali təhsil müəssisələrinə qəbul olmaq imkanlarında süni maneələr yaradır.

Plan yerlərinin təhsil formaları üzrə bölgüsünün müqayisəsi göstərir ki, son illərdə Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üçün ayrılan yerlər 5.24 % artmışdır. Bununla belə qeyd etmək lazımdır ki, cari ildə hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlər ümumi plan yerlərinin cəmi 21.25 %-ni təşkil etmişdir. Bu göstərici 2023-ci ildə 21.44 %, 2022-ci ildə 14.80 %, 2016-cı ildə 18.73 %, 2020-ci ildə 13.95 %, 2014-cü ildə 13.87 % olduğu halda, 2013-cü ildə 56.18 % olmuşdur. 2018-cü illə müqayisədə son altı ildə həyata keçirilən bu cür dəyişiklik arzuolunmaz haldır. Çünki bəzən Azərbaycan və rus bölmələrinin abituriyentləri eyni test suallarına cavab verdikləri halda, plan yerlərinin ciddi bölgüsü və müsabiqə vəziyyətinin fərqli olması nəticəsində bu bölmələrin eyni ixtisasları üzrə tam fərqli keçid balları yaranır. Plan yerləri birgə müsabiqə üçün ayrıldıqda isə həmin yerlərə bölməsindən asılı olmayaraq daha hazırlıqlı gənclər qəbul olunur”.

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu