Menyu

Azərbaycanın postmünaqişə dövründə bərpa işləri sahəsindəki beynəlxalq təşəbbüsü WUF13-ün yekun sənədlərində dəstəklənib

Operativ Media
Azərbaycanın postmünaqişə dövründə bərpa işləri sahəsindəki beynəlxalq təşəbbüsü WUF13-ün yekun sənədlərində dəstəklənib

WUF13 Azərbaycanın “Böyük Qayıdış” çərçivəsində formalaşdırdığı şəhərsalma modelinin beynəlxalq standartlara çevrilməsi yolunda mühüm mərhələ oldu. Bu gün Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü Sessiyası (WUF13) yekun sənədlərin qəbulu ilə öz işini başa çatdırdı.

Operativ Media xəbər verir ki, beynəlxalq tədbir tərəfindən qəbul edilmiş “Bakı Fəaliyyətə Çağırışı”nda və nazirlər görüşünün yekun sənədində Azərbaycanın irəli sürdüyü “Təhlükəsiz qayıdış üçün ağıllı və dayanıqlı məskunlaşma həlləri paketi” (4SRP) təşəbbüsü dəstəkləndi.

Yüksəksəviyyəli görüşün xülasəsində nazirlərin “WUF13 çərçivəsində Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və Bakı İqlim və Sülh Mərkəzi (Bakı Mərkəzi) ilə birgə hazırladığı “Təhlükəsiz qayıdış üçün ağıllı və dayanıqlı məskunlaşma həlləri paketi” (4SRP) təşəbbüsünü alqışladıqları” qeyd olunub. Qlobal miqyasda növbəti iki il üçün şəhərsalma siyasəti üzrə əsas tövsiyələri özündə əks etdirən “Bakı Fəaliyyətə Çağırış” sənədi 4SRP təşəbbüsünün əsas məqsədlərini təsdiqləyərək bildirir: “Biz yenidənqurma və bərpa səylərinin prioritetləşdirilməsi və nəticə etibarilə məcburi köçkünlərin öz evlərinə qayıdışı üçün əlaqələndirilmiş yanaşmaya çağırırıq”.

Qeyd olunan təşəbbüs mayın 19-da WUF13 çərçivəsində keçirilmiş yüksəksəviyyəli panel zamanı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən UN-Habitat, BMqT və Baku Hub ilə birgə irəli sürülüb.

Təşəbbüs iqlim dəyişikliyi, ətraf mühitin deqradasiyası, məcburi köç, münaqişə və humanitar həssaslıq kimi bir-biri ilə əlaqəli çağırışlara cavab olaraq inteqrasiya olunmuş şəhərsalma və bərpa yanaşmalarının hazırlanmasını nəzərdə tutur.

Təşəbbüs tərəfdaşlarının vurğuladığı kimi, sözügedən yanaşmaları ehtiva edəcək beynəlxalq standartların formalaşdırılması prosesində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi genişmiqyaslı bərpa işləri, postmünaqişə şəraitində “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi üzrə təcrübəsindən geniş istifadə olunacaq.

Eyni zamanda, təşəbbüs postmünaqişə və həssas regionlar üçün praktiki şəhərsalma modellərinin hazırlanması, onların beynəlxalq səviyyədə təşviqi, eləcə də iqlim və inkişaf maliyyəsinə çıxış imkanlarının asanlaşdırılması baxımından mühüm platforma kimi qiymətləndirilir.

Əlaqəli Xəbərlər