Qurban Qurbanov yeni transfer və Elvin Cəfərquliyev haqda danışdı
Misli Premyer Liqasının XXXIII turunun “Sumqayıt” – “Qarabağ” oyunundan (3:4) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.
Operativ Media xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
– Futbolçularımı təbrik edirəm, son oyun olsa da, istəkli idilər. Ümumi olaraq yaxşı oyun göstərdilər. Maraqlı mövsüm keçdi. Demək olar, futbola xas hər şey oldu. Qələbələr, məğlubiyyətlər, yerdəyişmələr… maraqlı alındı. Sizləri, azarkeşləri narahat etmişiksə, üzürlü hesab edin. Futbol emosional oyundur. Bu gün də oyunun sonlarına yaxın gərginlik oldu. Bunlar futbolun sevilən tərəfləridir. Çalışıb, özümüzü daha sakit aparmalıyıq. Azarkeşlərimizə də təşəkkür edirəm, bu gün bizi dəstəksiz qoymadılar. Ümumiyyətlə, bütün matçlarda yanımızda oldular. Onlara bütün komanda adından təşəkkür edirəm. Bir az istirahət edib, növbəti mövsümə hazırlaşacağıq. Yəqin, transferlərdən də suallar verəcəksiniz. İndidən deyim, işləyirik (gülür). Çempion olmasaq da, yaxşı mövsüm keçirdik.
– Əsas məsələ kimlərin qalacağı, kimlərin gedəcəyidir. Xüsusilə, Elvin Cəfərquliyevin durumu nə yerdədir?
– Gedəcək oyunçular açıqlanacaq. 1-2 günə daha dolğun açıqlama olacaq. Bizdən asılı olmayan məsələlər də var. Elvinlə bağlı danışıqlara açığıq. Bizimlə müqaviləsi var. Transfer məsələsi alınmazsa, növbəti qərarı sonra verəcəyik. Elvinə icazə vermişik ki, başqa klublarla danışıq aparsın.
– Artıq bir transfer etmisiniz. Daha kimlər gələcək?
– İş gedir, məlumatlar olacaq.
– Zakaria Savonun gəlişi dəqiqdir?
– Müsbət danışıqlar gedir. Alınmaq ehtimalı böyükdür.
– Ramil Şeydayev gedir?
– Sabah qərar verəcəyik.
– Geriyə boylananda hansısa məqama görə təəssüflənmisiniz? Haqsızlıq və ya nəsə səhv…
– Haqsızlıqla bağlı danışmaq istəmirəm. Hakimlik məsələsinə gəlincə, onlar üçün çox ağır mövsüm keçdi. Bu il referilərdən çox danışıldı. Yəqin, tələblər də artıb. Bəzən elə gərgin matçlar oldu ki, bilmədilər nə qərar versinlər. Demək olar, hakimləri tənqid etməyən olmadı. Bu qədər çox müzakirə onlara təsir etdi. Düşünürdüm ki, onlar üçün mövsüm tez bitsə, daha yaxşıdır. Hər bir halda, hakimlik çox məsuliyyətli işdir. Diqqətli qərar verməyə məcburdurlar ki, başqa komandanın haqqına girməsinlər. Referilərə uğurlar, güc, qüvvət arzu edirəm. İstirahətə ehtiyacları var. Ümumi baxanda, “Qarabağ” tarixinin ən uğurlu ili oldu. Çempionlar Liqasında xallar qazandıq, pley-off mərhələsinə yüksəldik. Birinci Liqa mərhələsində 7 fərqli rəqiblə oynadıq, mərhələ adladıq. Bu, bizim üçün tarixi nəticə idi. Futbolçular çox yoruldular. Şükürlər olsun, vəzifəmizin öhdəsindən gələ bildik. Böyük futbolu fevralın sonuna kimi gördük, böyük həyəcan yaşadıq. Nəticələr futbolçulara da marağı artırdı, bir tərəfdən təklilər gəlməyə başladı, parçalandılar, amma güc tapıb, toparlandıq.
– Adınız “Beşiktaş”la hallanırdı. Maraqlıdır, təklif gəlsə, qəbul edərsiniz?
– Adımı çəkən hər kəsə təşəkkür edirəm. “Qarabağ”la müqaviləm var.
– Mövsümü həm çox maraqlı adlandıran da var, həm də əksini düşünən. Sizcə, bu mövsümə son illərin ən maraqlısı demək olar?
– Olar. Maraqlı il keçdi.
– Üç ay əvvəl “Qarabağ”ın adı dünya gündəmində idi. Amma indi bəzi fikirlər var ki, komanda uğursuz mövsüm keçirib. Bu, sizi məyus etmir?
– Özümə yox, futbolçulara görə bəzən pis oluram. Həqiqətən, onlar böyük güc sərf etdilər. Bunlar Azərbaycan futbolu adınadır. Vaxt var idi, Çempionlar Liqasında qrupa düşməyi arzulayırdıq. Amma bu futbolçular daha artığını bacardılar. Mövsümü uğursuz adlandırmaq olmaz. 7-8 ay böyük futbolu Azərbaycanda hiss etdik. Oyunlardan sonra maraqlanırdım, deyirdilər ki, restoranlarda, şəhərin mərkəzində böyük ekranlar quraşdırılıb, matçlarımıza baxıblar. Bunlar futbolda böyük sevinc idi. Digər idman növlərinə hörmətimiz var, onlara baxan say olaraq azdır, amma futbolu bütün dünya izləyir. Üstəlik, yaxşı nəticələrimiz də oldu. Ona görə bu mövsümü uğursuz adlandırmaq bizə yaraşmaz. ÇL-də qələbə arzulayırdıq, pley-off yaşadıq. TOP-5 ölkələrinin komandaları ilə qarşılaşdıq. Böyük klublar bizimlə maraqlandı, “Qarabağ” haqqında danışdı. Açığı, mənə mövsümlə bağlı narazılıq edən olmayıb, hər kəs təşəkkürünü bildirib. Düşünmürəm ki, kimsə mövsümə görə bizdən narazı qalsın. Sadəcə futbolçulara görə bəzən neqativ fikirlərə görə pis olurdum. Onların hər biri müxtəlif şəraitdə böyüyüb, inkişaf edib. Və burda “Qarabağ” üçün döyüşüb, tarixi nəticələr qazanıb. Lazım olanda vacib qələbələr qazanmışıq. Bəlkə, belə qalibiyyəti başqa gün əldə etsəydik, bu qədər maraqlı olmazdı. Belə deyim, silahsız uşaqlar böyük döyüş qazandı.
– Bildirmisiniz ki, növbəti mövsüm “Qarabağ” ağırlığını ortaya qoyacaq. İstədiyiniz büdcə ayrılacaq?
– Büdcə ilə bağlı ciddi problem görmürəm. Çox istərdik ki, daha böyük işlər görək, amma bəzi reallıqları qəbul etməliyik. Tək büdcə məsələsi deyil, bəzi futbolçular düşünür ki, Azərbaycana gəlmək və daha sonra Avropaya getmək çətindir. Büdcə məsələsində problem yoxdur. Artıq Avropa “bazarı”na girmişik, lazım olanda futbolçuların tələb etdiyi məbləği verə bilirik. O cümlədən, bizdən də müəyyən məbləğ qarşılığında oyunçu almaq istəyənlər var. Artıq öz çempionatımızda da “transfer bazarı” aktivləşib.
– Bu gün altı futbolçu debüt etdi. Onlar haqda fikirləriniz nədir?
– Təəssüf ki, onları daim heyətə cəlb edə bilmirik. Ancaq hər məşqdə bəzilərinə yer veririk. Təlim-məşq toplanışında da iki-üç futbolçuya şans verəcəyik.
– “Qarabağ”ı Avropa Liqasının finalında görürsünüz?
– Yaxşı arzudur… Avropa Liqası Çempionlar Liqasının kiçik qardaşıdır. Komandanı formalaşdırmaq üçün müəyyən vaxt lazımdır. İstəkli olacağıq, çalışacağıq ki, maksimum irəliləyək. (Futbolpress)