Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti küləyin sürətilə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edib.
"Operativ Media" xəbər verir ki, “sarı” xəbərdarlıq Bakı, Sumqayıt, Mingəçevir, Şirvan və Naxçıvan şəhərlərini, o cümlədən, Abşeron, Salyan, Neftçala, Balakən, Zaqatala, Şəki, Yevlax, Bərdə, Gədəbəy, Daşkəsən, Babək və Şahbuz rayonlarını əhatə edib. Həmin ərazilərdə küləyin sürəti saniyədə 13,9-20,7 metr arasında dəyişəcək.
Narıncı xəbərdarlıq zonasına isə Gəncə şəhəri, o cümlədən Ağstafa, Qazax, Tovuz, Şəmkir, Samux, Göygöl, Goranboy, Culfa rayonları daxildir. Burada küləyin sürəti saniyədə 20,8-28,4 metrə qədər güclənəcək.
Qeyd edək ki, “Rəng xəbərdarlıq sistemi”ndə “sarı” xəbərdarlıq 7-8 balla qiymətləndirilir. “Sarı” xəbərdarlıq ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka orta risk deməkdir. 9-10 balla qiymətləndirilən “narıncı” xəbərdarlıq isə ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka yüksək risk olduğunun göstəricisidir.






