Avtomatik meteoroloji stansiyalardan əldə olunan məlumatlara əsasən, hazırda Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2.8 - 3.2 dəfə çoxdur.
Bəs bunun yaranmasının səbəbi nədir və nə vaxt normallaşacaq?
Bu barədə meteoroloq Cavid Hüseynov "Operativ Media"ya açıqlamasında bildirib ki, son günlərdə havadakı tozun miqdarının normadan, yəni yol verilən qatılıq həddindən çox olması mövcud sinoptik şəraitlə - Orta Asiyadan ölkəmizin ərazisinə quru və isti havaların daxil olması əlaqədardır:
"Bəzi hallarda bu hava axınları səhraların narın sarı rəngli tozu ilə doymuş olur və bu zaman tutqun hava şəraiti yaranır, meteoroloji görünüş məsafəsi pisləşir (məhdudlaşır), bəzən havanın nisbi rütubətliyi sıçrayışla 30%-dən aşağı düşür. Yaranmış əlverişsiz hava şəraiti həm insanlara diskomfortluq yaradır, həm də bitkilərin ziyan görməsinə səbəb olur.
Adətən bu proses Qazaxıstan üzərində antisiklonik şərait yarandığı zaman baş verir. Xəzər dənizi üzərindən keçərkən qızmar səhralardan gələn hava axınlarının yalnız alt təbəqəsinin temperaturu 3-4 °C azala, rütubətlik isə 10-20 % arta bilir. İsti və tozlu hava kütlələrinin 2-3 km hündürlüyədək yayılan qatı isə öz fiziki xassələrini dəyişmədən hava məkanımıza daxil olur. Qazaxıstan üzərində yaranmış antisiklon şərqə doğru uzaqlaşdıqdan sonra həmin istiqamətdən gələn hava axınları dayanır və havada müşahidə olunan tozun miqdarı da tədricən azalır".
Meteoroloqun sözlərinə görə, hazırda havada tutqunluq yaradan tozun miqdarının sinoptik şəraitlə , yəni həmin istiqamətdən gələn hava axınlarının dayanması əlaqədar olaraq yaxın 2-3 gün ərzində tədricən normallaşacağı ehtimal edilir.
Sevinc İbrahimzadə






