Sertifikatlaşdırma məsələsində diqqət edilməli əsas vacib nüans imtahanda uğur qazanan müəllimlərin 80-90%-nin əməkhaqqısının artmasıdır.
"Operativ Media" xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev deyib:
"Ötənilki sertifikatlaşdırma imtahanından fərqli olaraq, bu il riyaziyyat və ingilis dili fənni də daxil olmaqla təxminən 30 min təhsilverəni prosesə cəlb edəcəyik. Bu da o deməkdir ki, müəllimlərin böyük əksəriyyətinin, yəni 80%-dən çoxunun əməkhaqqısına ya 10, ya da 35% əlavə tətbiq ediləcək. Sertifikatlaşdırmanın bu tərəfini unutmaq lazım deyil”.
Sertifikatlaşdırma imtahanında iştirak edən hər beş müəllimdən birinin kəsildiyini deyən E.Əmrullayev qeyd edib:
“Hər beş müəllimdən biri 50 baldan yuxarı, üçü 30-50 bal, biri isə uğur qazana bilmir. Əgər müəllim ona verilən iki şansda uğur qazanmayıb nailiyyət əldə edə bilmirsə, bunun ağrılı və acılı olmasını anlayırıq. Təbii ki, həmin şəxslərlə imzalanan əmək müqaviləsinə qürur hissi ilə xitam vermirik. Anlayırıq ki, bu, ayrı-ayrı insanların sosial həyatına mənfi təsir edən qərardır. Lakin onu da başa düşməliyik ki, ölkəmizin gələcəyinin inkişafı naminə bu addım nə vaxtsa atılmalıdır. Yəni nə qədər gec addım atılacaqsa, bu, bir o qədər daha ağrılı olacaq. Ona görə də bu addımı daha tez atmaq məsləhətdir. İnandığımız ondan ibarətdir ki, müəyyən faiz müəllimlər üçün keçirilən təlimlərin nəticələri əvvəlkilərə görə müsbət nəticə verir”.






