Adətən marketlərin qarşısında günəş şüalarının altında plastik qablarda su və şirin sular düzülür. Demək olar ki, bir çox marketin qarşısında bu halı görmək mümkündür. Hətta bəzi bişmiş məhsullar da soyuducuda deyil, marketdə otaq temperaturunda satılır.
Bəs bu nə dərəcədə təhlükəlidir?
“Operativ Media”ya açıqlama verən qida mütəxəssisi Məhsəti Hüseynova deyir ki, plastik qablar, polietilen paketlərin tərkibindəki kimyəvi maddələr yüksək temperaturda ciddi fəsadlara yol açır:
“Bisfenol A maddəsi var ki, bu xərçəng yaradan maddəyə çevrilir. Xüsusilə bu kimi qablarda, eyni zamanda polietilen torbalarda günəş şüaları altında saxlanıldıqda, yüksək tempertura məruz qaldıqda bu maddə sürətli şəkildə qidalara keçir ki, belə qidaları qəbul edən insanlarda ümumiyyətlə immun sisteminin zəifləməsi, maddələr mübadiləsinin pozulması, bir çox xəstəliklərə yoluxma riski artır. Xüsusilə də bişmiş qidaların plasik qablarda günəşə məruz qalması daha təhlükəlidir”.
Məhsəti Hüseynovanın sözlərinə görə, plastik qabda ümumiyyətlə qida saxlanılması düzgün deyil.
Eyni zamanda bəzən bişmiş qidaların həmin qablarda satışını həyata keçirirlər. Onların tərkibindəki kimyəvi maddələr belə günəş şüaları altında müəyyən kimyəvi reaksiyalara gedir və bu reaksiyalar da həmin plastik qabların tərkibi ilə də reaksiyaya girdiyindən təhlükəli məhsullara çevrilir. Qablaşdırılmış suların daşınmasında da qaydalara əməl olunmur. Sular daşınan zaman mütləq sərin yerdə saxlanılmalıdır. Əks halda zəhərlənməyə və xərçəng xəstəliyinin yaranmasına yol aça bilər. Qida məhsulları düzgün temperaturda və şəraitdə saxlanılmalı, günəşlə təmasa, istiliyə məruz qalmamalıdır. Sahibkarlar soyuq-isti zəncir prinsipi gözlənilməklə, qida məhsullarının saxlanması üçün müvafiq şəraiti təmin etməyə borcludurlar. Bu qanunun tələbidir”.






