ABŞ-də aqrar təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
Amerika Birləşmiş Ştatlarına işgüzar səfər zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Oklahoma Dövlət Universitetinin (OSU) Kənd Təsərrüfatı Elmləri və Təbii Ehtiyatlar Bölməsinin vitse-prezidenti Ceyson Lask və OSU Global-ın dekanı Rendi Kluver arasında görüş keçirilib.
Nazir Məcnun Məmmədov Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Oklahoma Dövlət Universiteti (OSU) arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, aqrar təhsil və elmi-tədqiqat sahəsində birgə fəaliyyətin, müasir texnologiyaların tətbiqinin, eləcə də tələbə və mütəxəssis mübadiləsinin genişləndirilməsinin vacibliyini qeyd edib. O, 2026-cı ildə Strateji Tərəfdaşlıq Sazişinin yenilənməsi və ikili magistr proqramının həyata keçirilməsinə dair Fəaliyyət Memorandumunun imzalanması barədə məlumat verib. Hazırda proqram üzrə seçim prosesi davam edən beş tələbənin 2027-ci ilin sentyabrında Oklahoma Dövlət Universitetində təhsilə başlaması nəzərdə tutulur. Nazir, həmçinin torpaq və su ehtiyatlarının idarə olunması, heyvandarlıq genetikası və digər aqrar istiqamətlərdə birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi imkanlarına toxunub.
Görüşdən sonra nümayəndə heyəti universitetin elmi-tədqiqat infrastrukturu ilə tanış olub, bitkiçilik, torpaq və su ehtiyatlarının idarə olunması, heyvandarlıq və yem bitkiləri sahələrində aparılan tədqiqatlar barədə məlumat alıb.
Nümayəndə heyəti, həmçinin Langston Universitetinin nümayəndələri ilə də görüş keçirib. Görüşdə aqrar təhsil, elmi-tədqiqat sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə olunub.
Həmçinin Robert M. Kerr adına Qida və Kənd Təsərrüfatı Məhsulları Mərkəzinə (FAPC) səfər çərçivəsində kənd təsərrüfatı məhsullarının emalı, keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi, innovativ texnologiyaların tətbiqi və məhsulların əlavə dəyərinin artırılması sahəsində təcrübə ilə tanışlıq olub.
Sonra heyvandarlıq təsərrüfatına baxış keçirilib, damazlıq, genetik seleksiya və heyvan məhsuldarlığının artırılması ilə bağlı öyrənilib.
Səfər çərçivəsində nümayəndə heyəti Merilend Universitetinin Kənd Təsərrüfatı və Təbii Ehtiyatlar Kollecinin rəhbərliyi ilə də görüşüb. Nazir Məcnun Məmmədov aqrar sektorun müasirləşdirilməsi, rəqəmsallaşma, torpaq və su ehtiyatlarından səmərəli istifadə və peşəkar kadr hazırlığının əsas prioritetlər olduğunu bidirib. Merilend Universiteti ilə elmi-tədqiqat, ikili diplom proqramları, akademik mübadilə və müasir aqrotexnologiyaların tətbiqi istiqamətlərində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olmasından bəhs edib.
Tədbirdə nümayəndə heyətinə Rəqəmsal və Dəqiq Kənd Təsərrüfatı Laboratoriyasında süni intellekt, ağıllı suvarma sistemləri və müasir aqrotexnologiyalar sahəsində aparılan tədqiqatlar barədə məlumat verilib.