Menyu

Bozqurd işarəsinin tarixi və türklər üçün əhəmiyyəti

Redaksiya
Bozqurd işarəsinin tarixi və türklər üçün əhəmiyyəti

Türkiyə 2024-cü il Avropa Futbol Çempionatının (AVRO 2024) son 16 turunda Avstriyanı 2:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. UEFA matça 2 qolla damğasını vuran Merih Dəmiralın bozqurd işarəsini göstərməsi sosial mediada gündəm olub.

Bəs bozqurd simvolunun tarixə dayalı kökü və türk xalqları üçün əhəmiyyəti nədir?

Bu barədə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, türkoloq alim Faiq Ələkbərli "Operativ Media"ya danışıb.

Faiq Ələkbərli: İran'da Türk Dili ilə bağlı əcaib çağırış

O bildirib ki, bozqurd işarəsi türklərin ən qədim inanclarından biridir və türk xalqlarının tarixində mühüm yeri var:

"Bozqurd həm bir xilaskar rolunu oynayır, həm də yolgöstərəndir. Yəni türklərin yeni torpaqlar fəth etməsində onlara yol göstərir. Bu xilaskarlıq rolu, əslində, Ərgənəqonla bağlıdır. Bir zamanlar bütün türk düşmənləri birləşib türklərin kökünü az qala kəsmək kimi bir həddə çatmışdı. O zaman az sayda qalan türklər dağların ortasında bir yerdə yaşayırlar. Zaman keçir və orada artırlar, ancaq çıxış yolu tapa bilmirlər. Bu vaxt çıxış yolunun tapılmasında məhz boz qurd mühüm rol oynayır. Buna görə də boz qurda böyük bir rəğbət formalaşıb".

Türkoloqun sözlərinə görə, bəzi türk körpələri kimsəsiz qalanda dişi boz qurd onlara süd verib:

"Biz bunu, əslində, etrusklarda da görürük. Qədim Roma tarixində Roma və Romun dişi qurd tərəfindən bəslənilməsi var. Moğolların tarixində də buna rast gəlmək mümkündür. Eyni zamanda boz qurdun öz həyat tərzinin türk xalqlarına oxşar tərəfləri var. Çünki boz qurd öz yaşamında həmişə ədalətliyi ilə seçilir. Baxmayaraq ki, bir heyvandır, ancaq ədalətli bir heyvan kimi tanınır. Həmçinin ailə törəsinin boz qurdlarda özünəməxsusluğu var. Bu baxımdan da türk xalqlarının yaşam tərzi ilə üst-üstə düşür. Təxminən, 5 min ildən çoxdur ki, boz qurdlar və türk xalqları bir-birilərinə bu qədər yaxın olublar".

Alim qeyd edib ki, türklərdə boz qurd kimi olmaq, onun kimi yaşamaq məsələsi var və bu da sözün mənası ilə bağlıdır:

"Qurd sözü özü də təsadüfi deyil, çünki qurd azadlıq sevən bir heyvandır, heç vaxt köləliklə razılaşmır. Bu baxımdan "qurtulmaq" sözü də məhz "qurd" sözü ilə bağlıdır. "Qurd olmaq", "qurtulmaq" həmişə azad yaşamaq anlamındadır. Böyük Əli bəy Hüseynzadə demişkən, türklər hicrət edərlər, yəni bir yerdən başqa yerə köçərlər, ancaq heç vaxt başqa xalqların köləsi olmazlar. Qurdlar da ya azad olacaqdır, ya da bu yolda şəhid olacaqdır. Bu anlamda da türklər məhz boz qurdu özlərinin bir  simgəsi kimi qəbul ediblər".

Sevinc İbrahimzadə

Teqlər:

"Bozqurd i\u015far\u0259sinin tarixi v\u0259 t\u00fcrkl\u0259r \u00fc\u00e7\u00fcn \u0259h\u0259miyy\u0259ti"

Əlaqəli Xəbərlər