Məhsul alarkən "qızıl zəmanət" üçün əlavə ödəniş etməyə dəyərmi?
Mobil telefon alarkən bir çox hallarda qızıl zəmanət təklif olunur. Zəmanətdə qeyd edilir ki, telefona dəyən ziyan tam qarşılanacaq.
Bəs həqiqətən də qızıl zəmanətdən deyildiyi kimi istifadə etmək olurmu?
“Operativ Media” xəbər verir ki, sosial şəbəkələrdə bu mövzu ilə bağlı kifayət qədər şikayətlər var. Əksər alıcılar qızıl zəmanətin heçbir mahiyyəti olmadığını deyirlər. Xüsusilə telefonun üzərində verilən aksesuarlar tez sıradan çıxır. Lakin, bu aksesuarlar qızıl zəmanətə daxil edilmir.
Paytaxtda yerləşən elektronika mağazalarının birinin müdiri Ruslan Qarayev saytımıza bildirdi ki, zəmanət kağızlarındakı şərtlər şirkətlərin daxili qaydalarına əsasən tənzimlənir və 3 aydan başlayaraq bir neçə ilə kimi müddəti ola bilir. Bu isə məhsulun qiymətindən asılıdır. Həmçinin bəzi məhsullar da var ki, onlara zəmanət verilmir:
“Əgər telefonun tərkibindəki aksesuarları nəzərə alırıqsa, aksesuarlara ümumən zəmanət verilmir. Adi zəmanətlərdə məhsulda istehsal xətası olduğu halda dəyişilməsi və yaxud da təmiri mümkündür. Qızıl zəmanətdə isə istehsal xəstası sayılmayan digər hallarda da məhsul şirkət tərəfindən təmir olunur. Əksər mobil telefon markalarında, xüsusən də bahalı modellərdə aksesuarlar telefonlarla birgə göndərilmir. Bu istehsalçılar tərəfindən verilən qərarlara əsasən tənzimlənir. Buna görə də, bir çox elektronika və məişət texnikası mağazaları şəbəkələrində mobil telefon alan müştərilərə təklif edilən zəmanət kağızlarında aksesuarlar və onlara edilən güzəştlər barəsindəki şərtlər öz əksini tapmır. Minimumu götürsək 25, 30 manatdan başlayır. Amma, əlavə zəmanətlərdə təyin olunan məbləğ həmin detallarda yarana bilən problemdən daha aşağıdır və hətta elə məhsullar olur ki, ekranı çox bahalı olur. Müştərilər tərəfindən əlavə alışı zamanı həmin ekran təmirinə nisbətən daha ucuz başa gəlir”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, qızıl zəmanət talonları heç bir işə yaramayan boş bir sənəd parçasıdır. Həmçinin qanunvericilikdə də qızıl zəmanət kağızı kimi bir anlayış yoxdur:
“Bu müxtəlif biznes şəbəkələrinin maddi məqsədlər naminə qurduqları hiylə növlərindən biridir. Belə ki, bəzən 300-350 manata satılan “qızıl zəmanət”in yaranmış problemlərdə heç bir işə yaramadığını və vətəndaşların təmiri öz hesablarına etdiklərini də görürük. Mal satan tərəf qızıl zəmanət versə də, qızıl zəmanətin şərtlərində yazılmış öhtəliklərə əməl etmirlər. Məsələn qeyd edirlər ki, qızıl zəmanətlər aksesuarlarla bir yerdə verilir. Amma faktiki olaraq aksesuarlara verilmir. Sadəcə olaraq bir kağız verirlər guya o qızıl zəmanətdir. Lakin əslində isə adi zəmanətdir. Ona görə istehlakçılar buna aldanmasınlar. Bu tip məsələlərlə bağlı çoxsaylı şikayətlərlə qarşılaşırıq”.
Qeyd edək ki, belə hallarla qarşılaşan istehlakçılar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət xidmətinə müraciət edə bilərlər.