"İçərişəhərin tarixi ruhu xaotik parklanmaya görə pozulur" - Anar Əliyev

admin
"İçərişəhərin tarixi ruhu xaotik parklanmaya görə pozulur" - Anar Əliyev

Son zamanlar İçərişəhərdə avtomobil sıxlığı müşahidə olunur. Vətəndaşlar və turistlər bu haldan narahat olduqlarını qeyd edirlər.

Bu problemin qarşısını almaq üçün İçərişəhərə avtomobillə giriş qadağan edilə bilərmi?

Məsələ ilə bağlı bloger-urbanist Anar Əliyev “Operativ Media”ya açıqlama verib.

O dünya təcrübəsində bu addımın çoxdan atıldığını bildirib:

“Dünya ölkələrində tarixi küçələr və ərazilərdə avtomobillərə məhdudiyyət qoyulması geniş yayılmış təcrübədir. Son olaraq Praqa bu təcrübədən istifadə edib. Praqa və bu qadağanı tətbiq edən digər dünya ölkələrində də tarixi küçələr və ərazilərə avtomobillə giriş yalnız orada yaşayan əhaliyə icazə verilir. Həmin ərazidə çalışan əməkdaşların avtomobillə girişi isə məhdud saydadır. Əraziyə gəzmək, dincəlmək və başqa məqsədlərlə gələn şəxlərin avtomobillə içəri girişi qadağandır. Atılan bu addımın məqsədi həmin ərazilərin turistik yer olduğu üçün insanları maksimum rahatlığını və təhlükəsizliyini təmin etməkdir. Tarixi ərazilərə avtomobillə daxil olmaq həm də həmin ərazinin memarlğına da ziyan vura bilər. Memarlığını qoruyub saxlamaq üçün bu addımın atılması çox vacibdir”.

Urbanist qeyd edib ki, İçərişəhərə avtomobillə girişi yalnız orada yaşayan əhali üçün açıq olmalıdır:

“Bu təcrübədən İçərişəhərdə də istifadə etməyə çoxdan ehtiyac var. İçərişəhərə də avtomobillərin girişi yalnız orada yaşayan,yəni qeydiyyatda olan sakinlərə icazə verilməlidir. Bildiyimiz kimi bu ərazidə xeyli sayda ofis və inzibatı orqanlar var. Orada çalışan əməkdaşlara da avtomobillə İçərişəhərə daxil olmağa icazə verilə bilər. Əlbəttə daha yaxşı olardı ki, bu ərazidə heç bir ofis və inzibati orqan olmasın. Ərazidə yalnız tarixi muzeylər fəaliyyət göstərsin.

İlkin mərhələ olaraq avtomobillə giriş orada yaşayan vətəndaşa və işçilərə açıq olmalıdır. Digər avtomobillərin İçərişəhərə girişi qadağan olunmalıdır. Çünki bu zaman İçərişəhərdə xaos yaranır. Şəhərin tarixi ruhu xaotik parklanmaya görə pozulur. İçərişəhərin yaxınlığında bir neçə parkinq yeri fəaliyyət göstərir. Yaxın ərazidə həm küçə, həm də çoxmərtəbəli parkinqlər mövcuddur. Vətəndaş orada avtomobilini saxlayıb, İçərişəhərə piyada olaraq 5-10 dəqiqəyə çata bilər”.

A.Əliyev qoruğun büdcəsinin ərazidə saxlanan avtomobillərin hesabına formalaşdığını, buna görə bu qadağanın tətbiq edilə bilmədiyini vurğulayıb:

“Qeyd etmək lazımdır ki, İçərişəhərdəki parkinqlər ödənişlidir. Və İçərişəhərin büdcəsi həmin parkinqlərin hesabına formalaşır. Bəlkə də buna görə bu məhdudiyyət tətbiq edilmir. Çünki İçərişəhərə daxil olan hər bir sürücü əlavə gəlir mənbəyidir. İçərişəhər nə qədər sakit, təhlükəsiz olsa, qoruğa bir o qədər vətəndaş və turist gələcək. Bu zaman isə ərazidə olan restoran, kafe və muzeylərdə daha çox pul xərcləyəcək. Bu da daha çox vergi deməkdir. Bununla da qoruğun büdcəsinə əlavə gəlir gələcək. İstənilən halda İçərişəhərdə avtomobil girişinin məhdudlaşdırılmasına çoxdan ehtiyac var”.

Gülcahan Məmmədova

Digər xəbərlər