Deputat: "Xocalı qətliamı heç vaxt unudulmayacaq"

Nərmin Qocamanlı
Deputat: "Xocalı qətliamı heç vaxt unudulmayacaq"
Deputat Zahid Oruc bildirib ki, bu gün Ermənistanın beynəlxalq aləmdə ifşa edilməsində mühüm irəliləyişlər əldə edilib.

"Xocalı faciəsi Ermənistanın Azərbaycana hərbi təcavüzünün birbaşa nəticəsidir. İşğalçılıq məqsədlərinə xidmət edən mifik ideyaları gerçəkləşdirmək istəyən Ermənistan dövləti o dövrün Sovet Rusiyasının hərbi hissələrindən və ordu birləşmələrindən istifadə edərək Azərbaycan xalqına qarşı cinayətkar əməl törətmişdir. Xocalı qətliamı digər ərazilərdə baş verən qətllərdən daha qəddar olmuşdur. Çünki burada soyqrım, insanlıq əleyhinə və hərbi cinayətlər eyni vaxtda törədilmişdir. Bunlar beynəlxalq hüquqla tövsif edilən və məsuliyyət daşıyan cinayətlərdir".

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin rəhbəri Zahid Oruc bildirib:



"Xocalı qətliamının baş verməsində ermənilərin Azərbaycanlılara qarşı tarixi düşmənlik siyasəti, deportasiyalar, köçkünlüyə məcbur etmə, iqtisadi sərvətlərin talanması və digər qəsdlərlə yanaşı 90-cı illərdə Azərbaycanın daxili ictimai-siyasi vəziyyəti və hakimiyyət uğrunda mübarizə də mühüm rol oynamışdır. Azərbaycanın nizami ordu birləşmələrinin olmaması fonunda Xocalı sakinləri çox çətin şəraitdə əliyalın vəziyyətdə qalmışlar. Bu səbəbdən burada çoxsaylı mülki insanlar, o cümlədən yaşlılar və uşaqlar qətliama məruz qalmışdır.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinin hüquqi və siyasi qiyməti verilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında bu faciənin beynəlxalq aləmə tanıdılması istiqamətində mühüm addımlar atılmışdır. 1998-ci ildə Ulu Öndərin təşəbbüsü ilə soyqırımı cinayətlərinin hüquqi qiyməti verildi və Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində diqqətə çatdırıldı. Azərbaycan bu gün Prezident İlham Əliyevin liderliyi ilə ermənilərin təcavüzkar fəaliyyətlərini dünya ictimaiyyətinə çatdırmaqda və Ermənistanın beynəlxalq aləmdə ifşa edilməsində mühüm irəliləyişlər əldə etmişdir.

Sabiq Ermənistan prezidenti Levon Ter-Petrosyanın etiraf etdiyi kimi 1993-cü ildə Ermənistanın Azərbaycandan deportasiya etdiyi azərbaycanlıları başqa ərazilərə yerləşdirmək, həmçinin işğal olunmuş ərazilərdəki fəaliyyətlərini gizlətmək məqsədilə bir sıra gizli əməliyyatlar həyata keçirilmişdir. Bu etiraflar Xocalı soyqırımının necə həyata keçirildiyinin sübutudur. 44 günlük Vətən Müharibəsi də Xocalı qətliamının qisasının alınması üçün bir fürsət olmuşdur. Müharibə dövründə Xocalı faciəsini törədən hərbi cinayətkarlar cəza almışlar.

Ali Baş Komandan İlham Əliyev müharibə zamanı dəfələrlə bəyan etmişdir ki, Azərbaycan xalqının varlığını məhv etməyə çalışan erməni planları uğursuz olmuşdur. 90-cı illərdə 7 milyon olan Azərbaycan əhalisi artıq 10 milyona yaxınlaşmışdır ki, bu da Ermənistanın niyyətlərinin iflasa uğramasıdır. Bu gün Xocalı qətliamını həyata keçirən və bu cinayətlərdə iştirak edən şəxslərin bir hissəsi beynəlxalq məhkəmələr qarşısında cavab verir.

Bu gün beynəlxalq ictimaiyyətin Xocalı qətliamı ilə bağlı daha aktiv mövqe göstərməsi vacibdir. Azərbaycanın apardığı siyasət nəticəsində Xocalı sakinlərinin doğma yurdlarına qayıdışı, Qarabağda həyatın bərpası və yeni vətən quruculuğu ilə bağlı proseslər davam edir. Bu Azərbaycanın güclənən milli kimliyini və möhkəmlənən dövlət strateji planlarını əks etdirir. Ermənistanın mövqeyi isə artıq dəyişməkdədir. Onlar mifik "Böyük Ermənistan" ideallarından imtina etməyə başlayıblar. Qarabağda əldə olunan qələbə ilə bu idealların iflasa uğradığı aydın olmuşdur.

Xocalı qətliamı Azərbaycanın tarixində unudulmazdır və heç vaxt unudulmayacaqdır".

Digər xəbərlər