"Füzuli şəhərinin mənfur düşmənin işğalından azad edilməsindən artıq 5 il ötür. Bu müddətdə Füzuli şəhərində böyük abadlıq-quruculuq işləri həyata keçirilib, beynəlxalq aeroport, yaşayış massivləri, məktəb, digər obyektlər inşa edilib. Füzuli artıq çiçəklənmə dövrünü yaşayır".
Bu fikirləri Operativ Media-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.
O bildirib ki, 30 ilə yaxın erməni işğalında qalan Füzuli şəhəri Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatları nəticəsində 2020-ci il oktyabrın 17-də erməni işğalından azad edilib:
“Döyüşlər başlayandan oktyabrın 17-dək Füzuli rayonunun bir neçə kəndi uğurlu əməliyyatlarla işğaldan azad edilmişdi. Oktyabrın 17-də şəhər də azad olunarkən qəhrəman əsgərlərimiz orada bayrağımızı sancmağa bir bina tapmamışdılar. Yəni erməni vəhşiliyi nəticəsində bütün binalar darmadağın edilmişdi.
Bəlli olduğu kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 17 oktyabr – Füzuli şəhəri günü kimi təsis edilib.
Füzuli uğrunda həm Birinci Qarabağ, həm də İkinci Qarabağ Müharibəsi zamanı çox ağır döyüşlər gedib. 1992-93-cü illərdə Füzulinin böyük hissəsi işğal olunmuşdu. Sonradan – 1993-cü ildə Horadiz və digər məntəqələr düşməndən geri alınmışdı. Ancaq şəhərin mərkəzi və rayonun əksər kəndləri erməni işğalında idi.
Artıq 5 ildir ki, Füzuli azaddır, 3 ilə yaxındır bu rayondan olan keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması prosesi həyata keçirilir.
O da məlumdur ki, Qarabağ işğalda olarkən Füzuli təmas xəttində yerləşib və bu səbəbdən ermənilər buranı minalarla daha çox çirkləndiriblər. Hələ də xeyli ərazi minalardan təmizlənməyib, minatəmizləmə işləri sürətlə davam edir.
Biz bir neçə ildən sonra Füzulinin bütün nöqtələrində həyatın tam davam etdiyinə şahidlik edəcəyik”.