Skuter sürənlər niyə kütləvi cərimələnir?

Ayşən Sadıxzadə
Skuter sürənlər niyə kütləvi cərimələnir?

Son vaxtlar Operativ Media-nın qaynar xəttinə müraciət edən vətəndaşlar bildirirlər ki, skuter sürdükləri üçün tez-tez yol polisi əməkdaşları tərəfindən saxlanılaraq barələrində cərimə tətbiq olunur.

Onlara bildirilir ki, yalnız skuter üçün nəzərdə tutulmuş yerlərdə hərəkət edə bilərlər. Belə ki, avtomobil yolu ilə hərəkət etdikdə və ya piyada səkisi ilə hərəkət edərkən saxlanılırlar və barələrində cərimə tətbiq olunur.

Bakıda məhdud sayda mərkəzi küçələrdə skuter üçün yerlər ayrılsa da, demək olar bütün molların qarşısında skuter dayanacaqları var və vətəndaşlar oradan skuter götürüb qısa məsafələri qət edirlər.

Bəs problemin həlli yolu nədir? Skuter sürən vətəndaşlar nələrə diqqət etməlidirlər?
Mövzu ilə bağlı Operativ Media-ya BDYPİ-nin inspektoru, polis baş leytenantı Elvin Hacıyev məlumat verib.


O bildirib ki, sayı sürətlə artmaqda olan moped, motosiklet və digər bu tip ikitəkərli nəqliyyat vasitələrini idarə edən sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verən yol-nəqliyyat hadisələri, təəssüf ki, tez-tez insan itkisi ilə nəticələnir:

“Cari ilin 9 ayı ərzində bu tip nəqliyyat vasitələrinin iştirakı ilə 32 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 10 nəfər həyatını itirmiş, 26 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Bu göstəricilər iki təkərli nəqliyyat vasitələrinin idarə olunmasında sürücü intizamının qənaətbəxş olmadığını göstərir.

Bəzi sürücülər yollarda təhlükəsizlik qaydalarına əməl etmədən, təhlükəli manevrlər edərək özlərinin və digər hərəkət iştirakçılarının həyatını riskə atırlar. Təəssüf ki, belə halların çoxunda nəticə peşmançılıq və itki ilə bitir, lakin bu artıq heç bir fayda vermir.

Belə məsuliyyətsiz davranışlar həm də digər hərəkət iştirakçılarında motosiklet və moped sürücüləri haqqında mənfi rəy formalaşdırır.

Baş Dövlət Yol Polisi İdarəsi xatırladır ki, motosiklet, moped və digər bu tip iki təkərli nəqliyyat vasitələrini idarə edən sürücülər yol hərəkəti və təhlükəsizlik qaydalarına ciddi riayət etməli, qeydiyyatsız və ya qoruyucu vasitəsiz hərəkət etməməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar”.

Digər xəbərlər