İşağaldan azad olunmuş ərazilərin aqrar potensialı - TƏHLİL

Nərmin Qocamanlı
İşağaldan azad olunmuş ərazilərin aqrar potensialı - TƏHLİL
"Bir neçə ildən sonra işğaldan azad olunmuş ərazilər ölkənin aqrar sektoruna öz layiqli töhfələrini verəcək"

İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı Azərbaycan iqtisadiyyatının dirçəlməsi və regional sabitliyin təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Uzun illər davam edən işğal dövründə bu ərazilər yalnız infrastruktur deyil, həm də təbii sərvətlər və kənd təsərrüfatı potensialı baxımından ciddi itkilərə uğramışdı. Lakin ərazilərin azad edilməsi ilə yeni imkanlar yaranmış və bu ərazilərin kənd təsərrüfatı sahəsində yenidən dirçəldilməsi məqsədilə müxtəlif layihələr və investisiyalar həyata keçirilməyə başlanmışdır. Bu proses həm yerli əhalinin sosial rifahının yüksəlməsi, həm də ölkənin ümumi iqtisadi inkişafına müsbət təsir göstərmə potensialına malikdir.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Operativ Media-ya bildirib ki, işğaldan azad olunmuş ərazilər böyük kənd təsərrüfatı potensialına malikdir:

"Əvvəllər bu torpaqlarda pambıq, taxıl, üzüm və digər kənd təsərrüfatı bitkiləri əkilib-becərilib, heyvandarlıq inkişaf etdirilib. Nəinki aqrar sektor həmçinin sənaye sahəsi də inkişaf edib və bu istehsal sahələri bir-birini tamamlayıb. Ancaq uzun müddət torpaqlar işğal altında olduğuna görə, təbii resurslar öz münbitliyini itirib. Ərazilərdəki kanallar, çaylar və göllər bərbad vəziyyətə düşüb. Həmçinin iri kənd təsərrüfatı kompleksləri tamamilə məhv edilib. Torpaqların kütləvi şəkildə minalanması və ərazilərin çirklənməsi bu sahələrdə səmərəli və diqqətlə düşünülmüş işlərin görülməsini tələb edir. Tarixi qələbədən sonra ərazilərdə mina təmizləmə işləri davam etdirilir. Min hektarlarla torpaq sahəsi minalardan təmizlənib və müəyyən ərazilər əkin dövriyyəsinə daxil edilib. Keçən il həmin ərazilərdə taxıl, bostan məhsulları və digər kənd təsərrüfatı məhsulları yetişdirilib. Hazırda statistik məlumatlara əsasən, 600 min hektardan çox sahə əkin dövriyyəsinə qatılmağa hazırdır. Digər tərəfdən bu ərazilərdə heyvandarlığın, arıçılığın və balıqçılığın inkişafı üçün böyük imkanlar mövcuddur. Ərazilərdə tikinti-bərpa işləri ilə yanaşı, kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilir. Su anbarları tikilib-quraşdırılır, əhalinin məskunlaşması ilə əlaqədar əraziyə avadanlıqlar artıq gətirilməyə başlanılıb. Görülən tədbirlər göstərir ki, bir neçə ildən sonra işğaldan azad olunmuş ərazilər ölkənin aqrar sektoruna öz layiqli töhfələrini verəcək. Çünki bu torpaqlar münbitdir, əkin üçün əlverişlidir və burada yaşayan insanların bu sahədə müəyyən təcrübələri mövcuddur".

Milli Məclisin deputatı Vüqar Bayramov isə bildirib ki, İşğaldan azad olunmuş ərazilər Azərbaycan iqtisadiyyatında, eləcə də iqtisadi inkişafda artıq xüsusi paya malikdir: 

"Beynəlxalq təşkilatlarında qiymətləndirməsi ondan xəbər verir ki, işğaldan azad olunmuş ərazilərimiz növbəti mərhələdə Azərbaycanın iqtisadiyyatının inkişaf drayverlərindən birinə çevriləcək. Bu baxımdan təbii ki, bir tərəfdən bu ərazilərimizə investisiya qoyuluşlarında artım var. Yalnız Vətən Müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə 19 milyard manata yaxın investisiya qoyuluşu həyata keçirilib. Bu il dövlət büdcəsindən 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Növbəti 3 ildə təxmini 17 milyard manata yaxın vəsait bu istiqamətə yönəldiləcək. Bu baxımdan sərmayə qoyuluşları, infrastrukturun formalaşması və özəl sektorun işğaldan azad olunmuş ərazilərimizə gəlməsi praktiki olaraq Azərbaycan iqtisadiyyatını, xüsusilədə qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar yaradıb".

 

Kənd təsərrüfatı ekspert Vahid Məhərrəmov bildirir ki, hazırda işğaldan azad olunmuş ərazilərdə 600 min hektara yaxın əkin sahəsi mövcuddur:

"İşgaldan azad olunmuş ərazilərimizdə kənd təsərrüfatının inkişafı böyük perspektivlərə malikdir. Lakin bu inkişaf qlobal istiləşmənin yaratdığı yeni imkanlar və problemləri nəzərə alaraq yenidən öyrənilməlidir. Ərazidə təxminən 600 min hektar əkin sahəsi mövcuddur. Əgər burada əkinçilik və heyvandarlıqla peşəkarlar məşğul olarsa yaxşı potensial və imkanlar yaranacaq. Lakin qeyri-peşəkar yanaşma ilə bu sahələrdə məhsuldarlıq aşağı olacaq və heyvandarlığın vəziyyəti pisləşəcək. Ona görə də burada yanaşma fərqli olmalıdır.

İstənilən ərazidə kənd təsərrüfatını inkişaf etdirmək mümkündür və bu baxımdan işğaldan azad olunmuş ərazilərimiz geniş imkanlar təqdim edir. Bu ərazi İsrailin ümumi əkin sahəsi ilə müqayisə oluna bilər. Məsələn İsrail öz əkin sahəsi ilə ehtiyaclarının 95%-ni ödəyir. İsrailin torpaq ərazisi bizim Qarabağ ərazimizlə müqayisədə bir qədər əlverişli olmasa da peşəkarlıq və düzgün yanaşma ilə bu ərazilərdə də eyni uğuru əldə etmək mümkündür.

mediad%C4%B1in.jpg

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi istiqaməti üzrə hazırlanıb.

Günay Nəcəfova

Digər xəbərlər