Uşaqların cinayətkar aləmə meyilinin qarşısını necə alaq?
Son illərdə cəmiyyətimizdə müşahidə olunan ən ciddi problemlərdən biri yeniyetmələr arasında zorakılıq hallarının artmasıdır. Təəssüf ki, xüsusilə oğlanlar arasında mübahisələrin, kiçik anlaşılmazlıqların və ya emosional gərginliklərin bəzən faciəvi sonluqlarla nəticələndiyini görürük. Bir neçə gün öncə Gəncə şəhərində baş verən hadisə də bunun bariz nümunəsidir: yeniyetmə bir gənc digər həmyaşadını bıçaqlayaraq həyatına son qoyub. Bu cür insidentlər sadəcə iki ailənin faciəsi ilə yekunlaşmır, həm də bütün cəmiyyəti silkələyir, valideynləri, müəllimləri və ümumiyyətlə gənc nəslin gələcəyi ilə bağlı ciddi narahatlıqlar doğurur. Gənclərin aqressiyaya meyilli davranışlarının kökləri, sosial mühitin təsiri və psixoloji amillər bu mövzunun dərin araşdırılmasını tələb edir.
Mövzu ilə Operativ Media-ya danışan sosioloq Elçin Bayramlı bildirib ki, son dövrlərdə bu istiqamətdə çox ciddi problemlər müşahidə olunur:
"Uşaqlar və yeniyetmələr arasında kriminal meyillərin səviyyəsi artır. Gənclərin davranışlarında aqressiya çoxalır, zərərli vərdişlər yayılır, narkomaniyaya meyl artır, müxtəlif kriminal qruplaşmalara qoşulma halları çoxalır. Hətta bəzi gənclərin radikal dini qruplara qoşulması halları da müşahidə olunur. Bunlar müasir dövrün gətirdiyi bəla və təhlükələrdir.
Bu vəziyyətin yaranmasında bir çox amillər rol oynayır. Əsas məsələlərdən biri uşaqların və yeniyetmələrin düzgün formalaşması, gənclərin məşğulluğunun təmin edilməməsidir.
Valideynlər günün çox hissəsini işdə keçirirlər, uşaqlarına vaxt ayıra bilmirlər. Uşaqlar boş qalır və nəzarətsiz şəkildə küçəyə və ya internet mühitinə düşürlər. Bu isə onları müxtəlif mənfi təsirlərə açıq qoyur. Təəssüf ki, müasir dövrdə idman, musiqi, yaradıcılıq dərnəklərinin əksəriyyəti pulludur və çox bahadır.
Belə olan halda uşaqların vaxtı düzgün təşkil olunmur. Onlar ya küçədə təsirlərə məruz qalırlar, ya da internetdə zərərli təbliğatlara düşürlər. Aqressiv xarakterli filmlər, qəddarlığı təbliğ edən kompüter oyunları uşaqların şüuraltına təsir göstərir, aqressiv davranışları gücləndirir. Belə uşaqlar real həyatda da rahatlıqla cinayət törədə bilirlər.
Buna görə də dövlət bu məsələyə xüsusi diqqət yetirməlidir. Uşaqlar və gənclər üçün dövlət hesabına idman mərkəzləri, yaradıcılıq studiyaları, elm və texnologiya mərkəzləri, ekoloji və intellektual layihələr, sosial tədbirlər təşkil olunmalıdır. Məktəblərdə əlavə məşğələlər keçirilməlidir. Gənclər öz maraq dairələrinə uyğun sahələrə yönləndirilməlidir: kimisi peşə öyrənməlidir, kimisi idmana cəlb olunmalıdır, kimisi yaradıcılıqla məşğul olmalıdır.
Əks halda biz sağlam nəsil formalaşdıra bilməyəcəyik. Artıq görürük ki, uşaqların psixologiyası pozulur, onlar getdikcə daha aqressiv olurlar. Milli-mənəvi dəyərlərə hörmət azalır, uşaq tamamilə nəzarətsiz böyüyür, sərbəstlik həddən artıq verilir. Bəzi ailələrdə isə uşaqlara hər şey hazır şəkildə təqdim olunur, zəhmətə alışdırılmır. Bu da gələcəkdə müxtəlif neqativ hallara yol açır.
Sosioloq Nailə İsmayılova isə bildirib ki, müasir dövrdə texnologiyanın sürətli inkişafı ilə yanaşı, sosial şəbəkələrin təsiri həm böyüklərin, həm də uşaqların həyatında ciddi dəyişikliklər yaradıb:
"Xüsusən də uşaqların psixoloji inkişafında, onların dünyagörüşündə və davranışlarında sosial medianın rolu danılmazdır. Ailənin daxilində baş verənləri kənardan izləmək, bilmək çətindir. Bəzi valideynlər uşaqlarına diqqət yetirmir, bəzən isə bunu istəmirlər və ya imkansızlıqdan edə bilmirlər. Nəticədə uşaq sosial şəbəkələrin təsiri altında qalır, özünü nəzarətsiz bir mühitdə tapır.
Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu və Konstitusiyanın müvafiq maddələri uşaqların qorunmasını, təhsil almasını, sağlam böyüməsini təmin etməyi dövlətin və valideynlərin borcu kimi müəyyən edir. Amma qanunun olması yetərli deyil – onun praktik tətbiqi və icrası əsas məsələdir.
Yeniyetmələr özlərini nə uşaq, nə də böyüklər hesab edirlər. Bu, psixoloji baxımdan çox həssas dövrdür. Əgər bu mərhələdə uşaqlar düzgün istiqamətləndirilməsə, yanlış davranışlar, zorakılıq, aqressiya, hətta cinayət meyilləri formalaşa bilər.
Burada iki əsas məsələ ortaya çıxır:
1. Valideyn məsuliyyəti – Uşağı dünyaya gətirmək təkcə bioloji proses deyil, həm də sosial və mənəvi məsuliyyətdir. Valideyn övladının tərbiyəsi, təhsili, psixoloji sağlamlığı üçün çalışmalıdır.
2. Sosial şəbəkələrin təsiri – İnternet və sosial media müsbət tərəflərlə yanaşı, mənfi təsirlər də gətirir. Aqressiya, zorakılıq, qeyri-etik ifadələr uşaqların şüurunda yanlış modellər yaradır".
"Məktəblərdə və ailələrdə psixoloqların fəaliyyəti genişləndirilməlidir. Uşaqlar üçün təhlükəsiz internet mühiti formalaşdırılmalı, valideynlərə isə media savadlılığı təlimləri keçirilməlidir. Uşağın tərbiyəsinə yalnız valideyn deyil, cəmiyyət də dəstək verməlidir – müəllimlər, psixoloqlar, sosial işçilər, hətta qonşuluq mühiti belə burada rol oynaya bilər", - o, qeyd edib.
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Operativ Media-ya məsələnin psixoloji tərəflərindən danışıb.
Onun sözlərinə görə, uşaqların cinayətkar aləmə meyil etməsi onların özlərini daha tez böyütmək istəkləri ilə bağlıdır:
"Onlar nümunə olaraq gördükləri, cəmiyyətin dəyər kimi təqdim etdiyi hər şeyi əldə etməyə çalışırlar. İnsana təbliğ olunan bütün anlayışlar onun diqqət mərkəzinə çevrilir. Cinayətkar aləmin məşhurluğu yalnız uşaqların deyil, bütövlükdə hər kəsin marağını müəyyən formada cəlb edir. Şəxsiyyətin formalaşmasında cəmiyyətin yazılmayan qaydaları, yazılı qanunlardan daha çox təsir göstərir. Qanun mədəniyyəti deyil, əksinə, mədəniyyət qanunu formalaşdırır.
Əgər ailədə və məktəbdə uşaqlar onların şəxsiyyətini gücləndirəcək nümunələr görmürlərsə, düşünmədən cinayətkar həyat tərzinə meyil edə bilirlər. Rəqəmsal dünyada da mənzərə oxşardır. Uşaqlar ağıllı telefonlar vasitəsilə informasiyalara çox tez çatır, hətta informasiya artıq onların həyatının bir parçasına çevrilir.
Uşaqlara nəyisə qadağan etməklə və ya məhdudiyyət qoymaqla onları yalnız müvəqqəti olaraq müəyyən düşüncələrdən uzaq tutmaq mümkündür. Onların izahlara ehtiyacı var. Ailədə və məktəbdə uşaqların fikirlərini dinləmək vacibdir. Əgər uşaqları tanımaq istəyiriksə, onlara azadlıq verməliyik. Uşaqlar gördükləri və ya görmək istədikləri nümunələr barədə izaha ehtiyac duyurlar.
Valideynlər övladlarına nümunə olduqlarını unutmamalıdırlar. Əgər uşaqların sualları cavabsız qalarsa, onlar cavabları ailədən kənarda axtaracaq və nəticədə güvənlərini evdən kənarda formalaşdıracaqlar. Uşaqları dinləmək, onların səhvlərinə görə qınamamaq lazımdır. Qərəzli münasibət olan yerdə sağlam ünsiyyət yarana bilməz. Uşaqların psixoloji vəziyyətində hər hansı nizamsızlıq müşahidə olunarsa, bu halı gizlətmək olmaz. Belə hallarda mütləq psixi sağlamlıq üzrə mütəxəssisə müraciət etmək lazımdır".
Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə uşaq və gənclərin fiziki və mənəvi inkişafı üzrə hazırlanıb.
Nərmin Qocamanlı
