UEFA "Sabah", "Neftçi" və "Zirə"nin oyunlarına hakim təyinatlarını açıqladı
Azərbaycanı UEFA Çempionlar Liqası və Konfrans Liqasında təmsil edən komandaların cavab qarşılaşmalarını idarə edəcək hakim heyətləri açıqlanıb.
Operativ Media xəbər verir ki, Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "KuPS" (Finlandiya) – "Sabah" görüşü İsrail təmsilçisi Qal Leyboviçə həvalə edilib. Yan xətt hakimləri funksiyasını Roy Hassan və Yossi Babayoff, dördüncü referi vəzifəsini isə Dekel Zino icra edəcək. Qarşılaşmanın VAR sistemi üzrə hakimi Daniel Bar Natan, onun köməkçisi (AVAR) Eitan Şmuelevits olacaq. İyulun 28-də Finlandiyada baş tutacaq matçın start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək. Qeyd edək ki, paytaxtda təşkil olunan ilk duel "Sabah"ın 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Dinamo" (Minsk) – "Neftçi" cavab oyunu isə Şimali İrlandiyadan olan Tim Marşalla həvalə olunub. Əsas referiyə Georgios Arqiropulos və Rayan Kelsi yardım edəcəklər, dördüncü hakim qismində isə Şeyn MakQoniql çıxış edəcək. İyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərindəki "Beroe Siti" arenasında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. İlk matçda Belarus təmsilçisi 4:2 hesabı ilə qələbə qazanıb.
Turnirin digər cavab qarşılaşması olan "Zirə" – "Payde" matçında xorvatiyalı idarəçi Dario Bel ədaləti qoruyacaq. Ona İvan Yaniç və Dino Knez köməklik göstərəcək, dördüncü referi funksiyasını Patrik Pavleşiç yerinə yetirəcək. Komandalar arasında iyulun 31-də Bakıda təşkil olunacaq cavab oyunundan əvvəl Estoniya klubu ilk görüşdə 1:0 hesabı ilə üstün olub.