Svetofor nasaz olduqda sürücülər hansı qaydalara əməl etməlidir?
Svetoforun işləmədiyi hallarda yol hərəkətinin təhlükəsiz təşkili sürücülərin yol hərəkəti qaydalarını düzgün bilməsi və onlara əməl etməsindən asılıdır. Belə vəziyyətlərdə çaşqınlığa yol vermədən, nizamlanmayan yol qovşaqları üçün müəyyən edilmiş qaydalara uyğun hərəkət etmək həm qəzaların qarşısını alır, həm də yol hərəkətinin təhlükəsizliyini təmin edir.
Bu barədə Operativ Media-ya nəqliyyat eksperti Elməddin Muradlı danışıb.
O bildirib ki, svetofor işləmədiyi halda sürücü bunu nizamlanmayan yol qovşağı kimi qəbul etməli və həmin vəziyyət üçün müəyyən edilmiş qaydalara uyğun hərəkət etməlidir.
“Əslində, sürücülərin əksəriyyəti bu qaydaları bilir. Problem daha çox onların tətbiq edilməməsindədir. Təəssüf ki, bəzi hallarda sürücülər yolayrıcını keçmə qaydalarına əməl etmir və bu da yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırır.
Sürücü nizamlanmayan yol qovşağında hərəkət etdiyini nəzərə almalı, sağdan gələn nəqliyyat vasitələrinə yol verməli və onların hərəkətinə mane olmamalıdır. Belə yol qovşaqlarında üstünlük sağ tərəfdən gələn nəqliyyat vasitələrinə məxsusdur.
Sürücülər bu qaydanı yalnız bilməklə kifayətlənməməli, gündəlik hərəkətdə də ona ciddi şəkildə əməl etməlidirlər. Svetoforun işləməməsi çaşqınlıq yaratmamalıdır. Əgər yol nişanları ilə də hərəkət üstünlüyü müəyyən edilməyibsə, sürücülər nizamlanmayan yol qovşaqları üçün nəzərdə tutulmuş qaydalara uyğun davranmalıdırlar.”
