Donald Tramp ABŞ ordusunda döyüş sursatı qıtlığı iddialarını təkzib edib
Birləşmiş Ştatlar Prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpasından imtina edilməsinə Hava Hücumundan Müdafiə (HHM) raketləri və döyüş sursatlarının çatışmazlığının səbəb olması barədə yayılan xəbərləri rədd edib.
Operativ Media xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat dərc edib.
Dövlət başçısı sözügedən məsələyə münasibət bildirərkən vurğulayıb ki, ABŞ-nin malik olduğu hərbi sursat ehtiyatı dünyadakı bütün ölkələrdən qat-qat çoxdur və tələb olunan həddi artıqlaması ilə ödəyir.
Bundan əvvəl "The New York Times" qəzeti iyulun 25-də yayımladığı məqalədə Yaxın Şərqdəki "Patriot" kompleksləri və digər HHM sistemləri üçün raket ehtiyatlarının tükənməsinin qarşısını almaq məqsədilə Ağ Ev rəhbərinin İrana qarşı hücumları təxirə saldığını iddia etmişdi. İyulun 24-də keçirilən toplantıda ABŞ Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin də irimiqyaslı əməliyyatların bərpası halında raket tutucularının təhlükəli dərəcədə azalacağı ilə bağlı xəbərdarlıq etdiyi bildirilmişdi.
Xatırladaq ki, Vaşinqton və Tehran arasında növbəti gərginlik iyulun 8-də Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olaraq Amerikanın İran ərazisinə endirdiyi zərbələrdən sonra başlayıb. Həmin gün Tramp atəşkəsin ləğv olunduğunu bəyan edib, qarşı tərəf isə cavab olaraq Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Omandakı ABŞ obyektlərini hədəf alıb. İyulun 24-də tərəflər qarşılıqlı zərbələri dayandırıblar.