Menyu

Ətin xarab olduğunu hansı əlamətlər göstərir?

Ayşən Sadıxzadə
Ətin xarab olduğunu hansı əlamətlər göstərir?

Keyfiyyətli və təzə ət seçərkən ilk növbədə məhsulun etibarlı mənbədən alınmasına diqqət yetirilməlidir. Ətin dövlət nəzarətindən keçmiş satış məntəqələrindən alınması, həmçinin baytarlıq nəzarətini təsdiqləyən sənədlərin mövcudluğu qida təhlükəsizliyi baxımından ən vacib şərtlərdəndir.

Bu sözləri Operativ Media-ya sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. 

O bildirib ki, təzə ətin müəyyən edilməsində onun rəngi, qoxusu, səthi və elastikliyi əsas göstəricilər hesab olunur:

“Məsələn, təzə mal əti parlaq tünd qırmızı rəngdə olur və təbii, zəif ət qoxusu verir. Əgər ətdən turş, kəskin və ya xoşagəlməz qoxu gəlirsə, bu, məhsulun köhnəldiyini və ya xarab olmağa başladığını göstərə bilər. Eyni zamanda, ətin rəngi matdırsa, üzərində boz, yaşılımtıl və ya tünd rəngli ləkələr görünürsə, bu da keyfiyyətinin aşağı düşdüyünə işarədir.

Ətin səthi azacıq nəm ola bilər, lakin yapışqan və ya selikli olmamalıdır. Onun təzəliyini yoxlamağın sadə üsullarından biri də barmaqla üzərinə yüngül təzyiq göstərməkdir. Əgər yaranan çuxur qısa müddətdə əvvəlki vəziyyətinə qayıdırsa, bu, ətin elastik və təzə olduğunu göstərir. Çuxur uzun müddət qalırsa, məhsulun köhnə olması ehtimalı yüksəkdir.

Yağlı hissənin görünüşü də mühüm əlamətlərdəndir. Təzə mal ətində piy adətən ağ və ya açıq krem rəngində olur. Piy saralmış, bozarmış və ya həddindən artıq bərkiyibsə, bu, ətin uzun müddət saxlanıldığını və ya düzgün şəraitdə mühafizə olunmadığını göstərə bilər.

Paketlənmiş ət alarkən qablaşdırmanın içərisində həddindən artıq qanlı mayenin toplanmasına da diqqət yetirmək lazımdır. Belə hal məhsulun düzgün saxlanılmadığını, temperatur rejiminin pozulduğunu və ya ətin dəfələrlə dondurulub əridildiyini göstərə bilər.

Saxlanma temperaturu da böyük əhəmiyyət daşıyır. Təzə ət satış məntəqələrində adətən 0–4°C temperaturda saxlanılmalıdır. Evdə də soyuducuda digər məhsullarla təmasının minimuma endirilməsi, çarpaz çirklənmənin qarşısının alınması vacibdir.

Alış-veriş zamanı ətin ən sonda alınması tövsiyə edilir. Bu, məhsulun uzun müddət otaq temperaturunda qalmasının qarşısını alır. Daşınma zamanı da "soyuq zəncir" prinsipinə riayət olunmalı, ətin soyudulmuş vəziyyətdə evə çatdırılması təmin edilməlidir. Bu qaydalara əməl etmək həm məhsulun keyfiyyətini qoruyur, həm də qida mənşəli zəhərlənmə riskini əhəmiyyətli dərəcədə azaldır”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər