Cebrail Makreçkis: Ümumilikdə ÇSKA-dan daha yaxşı komanda idik
"Qarabağ"ın latviyalı müdafiəçisi Cebrail Makreçkis komandanın ÇSKA-ya qarşı çıxışını dəyərləndirərək uğursuzluğa baxmayaraq Konfrans Liqasında uzaq mərhələlərə qədər irəliləmək əzmimdə olduqlarını bildirib.
Operativ Media xəbər verir ki, futbolçu "AzNews" telekanalìna müsahibəsində rəqibdən üstün oyun nümayiş etdirdiklərini vurğulayıb:
"Əlbəttə, çox məyusuq. Düşünürəm ki, ümumilikdə onlardan daha yaxşı komanda idik. Rəqibin də ciddi qol epizodları olmadı. Sadəcə, özümüz qol vurmalı idik. Futbolun bir hissəsi də budur. Bir qədər bəxtimiz gətirmədi, amma artıq bunu dəyişə bilmərik. Futbolda belə hallar olur".
Təcrübəli müdafiəçi komandanın qarşısına qoyduğu yeni hədəflərdən və Konfrans Liqasındakı gözləntilərdən də söz açıb:
"İndi isə qarşımızda böyük bir fürsət var. Məqsədimiz Konfrans Liqasının liqa mərhələsinə yüksəlmək, daha sonra isə mümkün qədər irəli gedərək yarımfinala, hətta finala qədər çatmaqdır. Bu, bizim üçün yeni bir mərhələdir və buna nail olmaq üçün əlimizdən gələni edəcəyik".