Ali təhsil müəssisələrinin sərgisi başa çatıb
Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda təşkil olunan ali təhsil müəssisələrinin sərgisi başa çatıb.
Operativ Media xəbər verir ki, sərgidə ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, həmçinin müxtəlif qurumların – Dövlət İmtahan Mərkəzi, Tələbə Təhsil Krediti Fondu, “Abituriyent” jurnalı redaksiyası, e-psixoloq.az psixoloji dəstək platforması və otk.az onlayn sınaq imtahanı portalının nümayəndələri iştirak ediblər.
Sərgini 3 gün müddətində iki mindən çox abituriyent və onların valideynləri ziyarət edib.
Bu gün Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə sərgidə olub və ali təhsil müəssisələri, digər qurumların nümayəndələrinə və təşkilatçılara təşəkkürünü bildirib.
Xatırladaq ki, sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin mövcud imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərmək idi.
Qeyd: Sərginin sonunda DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə media nümayəndələri üçün cari məsələlərlə əlaqədar brifinq də keçirib.