Gürcüstanda dövlət universitetlərində pulsuz ali təhsil tətbiq olunacaq
Gürcüstanda dövlət universitetlərində ali təhsil tələbələr üçün pulsuz olacaq.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, tələbələrin motivasiyasını və təhsil prosesində iştirakını artırmaq üçün mexanizmlər tətbiq olunur.
Kobaxidze qeyd edib ki, əgər tələbə semestr ərzində iki fəndən kəsilirsə, bu, təhsil prosesində yetərli iştirak etmədiyini göstərir. Belə hallarda, üçüncü semestrdən başlayaraq dövlət maliyyələşdirilməsi azaldılacaq.
Kobaxidzenin sözlərinə görə, bu tədbirin yeganə məqsədi tələbələri təhsillərinə daha məsuliyyətli yanaşmağa və yüksək akademik nailiyyətlər səviyyəsini qorumağa təşviq etməkdir. O, həmçinin vurğulayıb ki, Gürcüstan tarixində ilk dəfə olaraq dövlət universitetlərində təhsil haqqı tələbələr üçün tamamilə pulsuz olacaq.