"Marsel" Liqa 1-dən kənarlaşdırıla bilər
Fransanın "Marsel" futbol klubu ciddi maliyyə çətinlikləri ilə qarşılaşır.
Operativ Media xəbər verir ki, bu barədə fransalı jurnalist Romen Molina "X" sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata görə, komanda 2027-ci il iyunun 30-dək futbolçu satışından ən azı 180 milyon avro gəlir əldə etməlidir. Əks təqdirdə, "Marsel" Fransa çempionatının yüksək divizionundan kənarlaşdırılma təhlükəsi ilə üzləşəcək.
Klub amerikalı milyarder Frenk Makkort tərəfindən alındığı vaxtdan bəri transferlər, əməkhaqları və digər xərclər üçün komandaya ümumilikdə 800-900 milyon avro investisiya qoyulub.
Yaranmış vəziyyətlə əlaqədar klub bu yay sərt qənaət rejiminə keçib. Yeni qaydalara əsasən, 5 milyon avrodan baha transfer olunmayacaq və yeni gələn heç bir oyunçuya mövsümlük 1 milyon avrodan artıq məvacib verilməyəcək.