Bakıda kirayə mənzil bazarında qiymətlər artacaq – PROQNOZ
Yaxınlaşan yeni tədris ili ilə bağlı olaraq paytaxtın kirayə mənzil sektorunda aktivlik müşahidə edilir. Regionlardan Bakıya üz tutan tələbə və ailələrin mənzil axtarışına başlaması bazarda tələbatın artmasına səbəb olur.
Bəs hazırda kirayə mənzil bazarında qiymətlərdə artım müşahidə olunurmu? Ən çox tələbat hansı ərazilərə və hansı tip mənzillərə yönəlib?
Mövzu ilə bağlı Operativ Media-ya əmlak eksperti Elnur Azadov danışıb.
O bildirib ki, hazırda bazarda vəziyyət sabitdir:
"Lakin hesab olunur ki, avqustun 15-20-dən sonra kirayə mənzil bazarında ciddi dəyişikliklər başlayacaq. Bu barədə indidən qəti fikir söyləmək tez olsa da, qiymət artımının baş verəcəyi demək olar ki, qaçılmazdır.
Proqnozlara görə, avqustun sonuna yaxın və sentyabr ayının əvvəlində kirayə qiymətləri təxminən 15-20 faiz arta bilər. Ən azı sentyabrın 15-20-dən ayın sonuna qədər bazarda mənzil qıtlığının yaranacağı gözlənilir.
Xüsusilə şəhərin mərkəzində, metro stansiyalarının, əsas magistral yolların və yeni tikili yaşayış komplekslərinin yaxınlığında yerləşən mənzillərə tələbat daha da artacaq. Bu səbəbdən həmin ərazilərdə həm qiymət artımı, həm də boş mənzil tapmaq baxımından çətinliklərin yaşanacağı proqnozlaşdırılır”.