Universitetlərə qeydiyyat üçün hansı sənədlər tələb olunur? - SİYAHI
Xəbər verdiyimiz kimi, bu gündən ali məktəblərə ixtisas seçimi başlayıb. Bütün ixtisas qrupları üzrə 2026‑cı il avqustun 12-dən 19 avqust saat 23:59-dək internet vasitəsilə aparılır.
Ali təhsil müəssisələrinə qəbul elan edildikdən sonra tələbə adını qazanan şəxslər üçün növbəti və vacib mərhələ elektron qeydiyyat prosesidir. Qəbul olunmuş abituriyent və magistrantların tələbə statusunu rəsmiləşdirmələri üçün müəyyən olunmuş müddətdə sənədlərini elektron sistemə təqdim etmələri tələb olunur.
Operativ Media xəbər verir ki, qeydiyyat prosesi "my.gov.az" və "portal.edu.az" platformaları üzərindən həyata keçirilir.
Tələb olunan sənədlərin siyahısı təhsil səviyyəsinə, universitetə və tələbənin fərdi statusuna görə dəyişə bilər. Bir sıra məlumatlar dövlət elektron sistemləri tərəfindən avtomatik əldə edilsə də, bəzi sənədlərin sistemə yüklənməsi mütləqdir.
- Şəxsiyyəti təsdiq edən sənəd: Yeni nəsil şəxsiyyət vəsiqəsi olduqda yalnız üz hissəsi, köhnə nəsil vəsiqələrdə isə hər iki üzünün surəti;
- Təhsil haqqında sənəd: Attestat və ya diplomun surəti (dövlət hesabına təhsil alan builki məzunlar üçün diplom əvəzinə məzun arayışı kifayət edir);
- Fotoşəkil: 3x4 ölçüdə, ağ fonda foto;
- Hərbi bilet və ya çağırışçı şəhadətnaməsi (oğlanlar üçün mütləqdir)
- Sağlamlıq haqqında arayış (bəzən tələb olunur)
- Təhsil haqqının ödənilməsi qəbzi — ödənişli əsaslarla qəbul olanlar üçün tələb olunur. Bəzi universitetlərdə təhsil haqqının ən azı 50 faizini ödəmək ilkin qeydiyyat üçün məcburidir.
- Tərcümeyi-hal (tələb oluna bilər)
- Xarici təhsil sənədi: Xaricdə təhsil almış Azərbaycan vətəndaşları üçün ixtisasın tanınmasını və ekvivalentliyini təsdiq edən sənəd.
Sənədlər müəyyən edilmiş formatda, əsasən PDF şəklində sistemə yüklənməlidir. Xüsusi sosial kateqoriyaya aid olan şəxslərdən isə güzəştləri təsdiqləyən əlavə sənədlər tələb oluna bilər.
Qeydiyyat prosedurları ali təhsil müəssisələrinin elan etdiyi konret tarixlər çərçivəsində aparılır.
Müəyyən olunmuş müddətdə elektron qeydiyyatdan keçməyən şəxslər qəbuldan imtina etmiş hesab ediləcəklər. Bu səbəbdən qəbul olanların vaxt itirmədən daxil olduqları ali məktəbin rəsmi elanlarını yoxlamaları və sənədlərini təsdiqləmələri tövsiyə olunur.