Deputat: Prezidentin sərəncamı Naxçıvanın inkişafında yeni mərhələ açır
Cənab Prezidentin imzaladığı son sərəncam Naxçıvanın sosial-iqtisadi inkişafına əlavə dəstək verəcək. Ümumilikdə Naxçıvanın iqtisadi və sosial baxımdan inkişaf etdirilməsi hər zaman Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub.
Bu sözləri Operativ Media-ya deputat Vüqar Bayramov deyib.
O bildirib ki, cənab Prezidentin Naxçıvana son səfəri zamanı yeni layihələrin təməlinin qoyulması, bir sıra obyektlərin açılışının həyata keçirilməsi və regionda görülən işlərlə tanış olması göstərdi ki, Naxçıvanın inkişafı dövlət başçısının xüsusi diqqətindədir. Son sərəncam da bu diqqətin növbəti göstəricisidir:
“Sənəddə Naxçıvanın yalnız iqtisadi inkişafına deyil, eyni zamanda sosial, infrastruktur və nəqliyyat sahələrinə dəstəyin artırılması nəzərdə tutulur. Bu tədbirlərin muxtar respublikada yaşayan vətəndaşların sosial təminatının gücləndirilməsinə, regionda iqtisadi fəallığın artmasına və yeni imkanların yaradılmasına töhfə verəcəyi gözlənilir.
Bundan əlavə, bu ildən etibarən Naxçıvanda geniş vergi güzəştləri paketinin tətbiqinə başlanılıb və həmin güzəştlərin növbəti 10 il ərzində qüvvədə olması nəzərdə tutulur. Vergi stimulları ilə yanaşı, yeni sərəncamın imzalanması Naxçıvanın investisiya imkanlarının genişləndirilməsi və sosial-iqtisadi inkişafının sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bütün bu addımların nəticəsində Naxçıvanda iqtisadi aktivliyin artırılması, sahibkarlığın inkişafı, infrastrukturun yenilənməsi və əhalinin sosial rifahının daha da yaxşılaşdırılması üçün yeni imkanların formalaşacağı gözlənilir”.