"Hər kəs bilməlidir ki, zamin durmaq ciddi hüquqi məsuliyyət yaradan bir öhdəlikdir. Əgər siz hər hansı sənədi imzalamısınızsa, sonradan bu sənədlər barədə “xəbərim yox idi” və ya “məzmununu bilmirdim” kimi bəhanələrə istinad edə bilməzsiniz. Hətta belə bir istinad etsəniz belə, hüquq müstəvisində bu arqument qəbul edilməyəcək".
Bu fikirləri Operativ Media-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.
O bildirib ki, zaminlik müqaviləsi dedikdə, zaminin borclunun öhdəliyini yerinə yetirmədiyi halda, həmin öhdəliyi kreditor qarşısında icra etməyi öz üzərinə götürməsi başa düşülür:
“Başqa sözlə, zamin, borclunun öhdəliklərinin icrasına cavabdeh şəxs kimi qoşulur.
Əgər zaminlik müqaviləsində zaminin subsidiar (ikinci dərəcəli) məsuliyyəti ayrıca göstərilməyibsə, bu halda zamin və əsas borclu eyni dərəcədə məsuliyyət daşıyır. Yəni kreditor həm əsas borcludan, həm də zamindən eyni anda və tam həcmdə tələb irəli sürə bilər.
Zamin kreditorun tələblərini ödədikdən sonra, çəkdiyi zərəri regress qaydasında əsas borcludan tələb etmək hüququna malik olur. Bu, yəni zaminin “mən borclunun yerinə ödəniş etdim, indi bu məbləği məndən deyil, ondan tələb edin” demək haqqıdır.
Bundan əlavə kreditor borc tam şəkildə ödənildikdən sonra, borcla bağlı bütün sənədləri (müqavilə, qəbzlər, protokollar və s.) zaminə təhvil verməlidir. Sənədlər zaminə təqdim edildikdən sonra, zamin məhkəmə qaydasında öz çəkdiyi zərərin əvəzini əsas borcludan tələb edə bilər.
Zaminlik öhdəliyi sadəcə formal imza deyil, hüquqi məsuliyyət yaradan ciddi bir razılaşmadır. Buna görə də, hər kəs belə bir sənədi imzalamazdan öncə, onun hüquqi nəticələrini tam anlamalı və məsuliyyətini dərk etməlidir”.
Ayşən Sadıxzadə