Valideyn-uşaq münasibətində şəxsi sərhədlər necə qorunmalıdır? - Psixoloq danışır

Operativ Media
Valideyn-uşaq münasibətində şəxsi sərhədlər necə qorunmalıdır? - Psixoloq danışır

“Valideyn-uşaq münasibətində şəxsi sərhədlərin qorunması həm uşağın sağlam psixoloji inkişafı, həm də ailədaxili harmoniya üçün son dərəcə vacibdir. Sərhədlər dedikdə, hər iki tərəfin həm valideynin, həm də uşağın özəl sahəsinə, fikirlərinə, hisslərinə və ehtiyaclarına hörmətlə yanaşmaq başa düşülür. Bu, uşağın müstəqil şəxsiyyət kimi formalaşmasına, özünü dərk etməsinə və məsuliyyət hissinin inkişafına kömək edir.

Bu fikirləri Operativ Media-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

O, bildirib ki, şəxsi sərhədlər insanın “mən” anlayışını qoruyan, onun daxili rahatlığını təmin edən görünməz xətlərdir:

"Uşaq hələ kiçik yaşlardan başa düşməlidir ki, hər kəsin öz fikri, hissi və məkanı var. Bu anlayış formalaşmadıqda, uşaq gələcəkdə başqalarının hüquqlarına hörmət etməyi, həmçinin öz hüquqlarını qorumağı çətin öyrənir. Uşaq valideynin davranışını müşahidə edərək sərhəd anlayışını mənimsəyir.
 
Əgər valideyn özü uşağın sərhədlərinə hörmət edirsə məsələn, onun şəxsi əşyalarını icazəsiz açmır, fikir və hisslərini kiçiltmir  uşaq da başqalarına qarşı eyni davranışı göstərməyə başlayır. Eyni zamanda, valideyn öz sərhədlərini də aydın şəkildə ifadə etməlidir: “İndi mən sakit qalmaq istəyirəm”, “Bu, mənim şəxsi seçimimdir” kimi sadə ifadələr uşağa sərhədlərin qarşılıqlı olduğunu öyrədir.

Hər bir uşağın şəxsi məkan anlayışı olmalıdır. Otağına icazəsiz daxil olmamaq, onun əşyalarını izinsiz götürməmək və ya bədəninə qarşı hörmətlə davranmaq (məsələn, istəmədiyi halda qucaqlamamağı qəbul etmək) uşağın öz bədəni və məkanı üzərində nəzarət hissini gücləndirir. Bu, həm də gələcəkdə sağlam münasibətlər qurmasına zəmin yaradır.

Valideyn uşağın duyğularını kiçiltməməli və ya onları “yanlış” hesab etməməlidir. Uşaq ağlayırsa və ya inciyibsə, “Sənə nə olub ki, ağlayırsan?” demək əvəzinə, “Səni narahat edən nədir?” deyə soruşmaq daha doğrudur. Beləliklə, uşaq öz hisslərini ifadə etməyi və idarə etməyi öyrənir. Eyni zamanda, valideyn də öz emosiyalarını uşağa yükləməməli, məsələn, şəxsi problemlərini uşaqla paylaşaraq onu emosional yük altında qoymamalıdır.

Uşağın yaşına uyğun şəkildə qərar verməkdə iştirakına icazə verilməlidir. Məsələn, hansı geyimi geyinəcəyi, hansı oyunu oynayacağı və ya hansı kitabı oxuyacağı kimi seçimlərdə söz haqqı tanımaq uşağın özünü dəyərli hiss etməsinə səbəb olur. Lakin sərhədlər tam sərbəstlik demək deyil. Valideyn yönləndirici rolunu qoruyaraq qaydalar qoymalı və bu qaydaların səbəbini izah etməlidir.

Uşağın şəxsi söhbətlərinə və gizli saxladığı şeylərə hörmət etmək vacibdir. Əgər uşaq hiss edir ki, valideyn onun hər addımını nəzarətdə saxlayır və gizliliyinə müdaxilə edir, o zaman ya ünsiyyətdən qaçır, ya da gizlənməyə başlayır. Etimad münasibəti formalaşdıqda isə uşaq özü könüllü şəkildə paylaşmağa meyilli olur.

Şəxsi sərhədlərin qorunması valideynlə uşaq arasında qarşılıqlı hörmət, etimad və sevgi mühitini yaradır. Bu münasibət modelini görən uşaq gələcəkdə başqaları ilə sağlam münasibətlər qura, özünü ifadə edə və məsuliyyətli fərd kimi formalaşa bilər. Valideynin əsas məqsədi uşağı idarə etmək deyil, onu anlayaraq müstəqil və öz sərhədlərinə hörmət edən şəxsiyyət kimi yetişdirmək olmalıdır”.

Digər xəbərlər