Menyu

Beynəlxalq sertifikatlar iş həyatında nə qədər vacibdir?

Şəfa Hüseynli
Beynəlxalq sertifikatlar iş həyatında nə qədər vacibdir?

Müasir əmək bazarında rəqabət günbəgün artır və fərqlənmək üçün təkcə ali təhsil kifayət etmir. İşəgötürənlər artıq namizədlərin beynəlxalq səviyyədə tanınan bilik və bacarıqlara sahib olub-olmadığına da önəm verirlər.

Bu baxımdan beynəlxalq sertifikatlar həm ixtisaslaşmanın, həm də peşəkarlığın sübutu kimi çıxış edir. İstər informasiya texnologiyaları, istər maliyyə, istərsə də layihə idarəçiliyi sahəsində bu sertifikatlar karyera inkişafında mühüm rol oynayır. Bəs beynəlxalq sertifikatların iş həyatında əhəmiyyəti nədən ibarətdir və bu gün Azərbaycanda və dünyada ən çox tələb olunan sertifikatlar hansılardır?

Mövzu ilə əlaqədar olaraq Təhsil eksperti Kamran Əsədov Operativ Media-ya açıqlama verib:

"İlk növbədə qeyd edim ki, beynəlxalq sertifikatların iş həyatında rolu müasir əmək bazarının dinamikası ilə birbaşa bağlı olan mühüm məsələdir. Qlobal iqtisadi inteqrasiya və rəqəmsallaşma prosesi artıq yalnız akademik təhsili deyil, eyni zamanda praktiki və tətbiqi bilikləri də tələb edir.

Bu kontekstdə beynəlxalq sertifikatlar həm bilik və bacarıqların ölçülməsi, həm də onların qlobal miqyasda tanınması baxımından əsas göstəricilərdən birinə çevrilib.

2024-cü il “World Economic Forum” hesabatına əsasən, əmək bazarında peşəkarların 48%-i son iki ildə sertifikatlaşdırılmış təlimlərə qoşulub və bu göstərici 2020-ci illə müqayisədə 22% artıb. Bu, əmək bazarında biliklərin formallaşdırılmasının və beynəlxalq səviyyədə təsdiqlənməsinin vacibliyini açıq şəkildə göstərir."

Ekspert bildirib ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 34-cü maddəsində qeyd edilir ki, “təhsilin keyfiyyəti bilik, bacarıq və vərdişlərin təhsil proqramlarının nəticələrinə uyğunluğu ilə müəyyən edilir”. Bu müddəa beynəlxalq sertifikatların mahiyyətinə tam uyğun gəlir, çünki bu sənədlər şəxsin əldə etdiyi bilik və bacarıqların müəyyən edilmiş beynəlxalq standartlara cavab verdiyini təsdiqləyir.

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin son illərdə müəllimlərin, texniki mütəxəssislərin və idarəçi kadrların beynəlxalq sertifikat proqramlarına cəlb olunmasına verdiyi dəstək müsbət və sistemli yanaşmanın göstəricisidir. Xüsusilə müəllimlər üçün “Microsoft Certified Educator”, “STEAM Certified Teacher”“Cambridge Teaching Knowledge Test” kimi proqramlara qoşulma təşviq olunur.

O həmçinin vurğulayıb ki, müsbət tərəf ondan ibarətdir ki, bu təşəbbüs kadrların biliklərini yalnız yerli deyil, həm də qlobal bazarın tələblərinə uyğunlaşdırır. Azərbaycan universitetlərində artıq “Project Management Professional (PMP)”, “Cisco Certified Network Associate (CCNA)”, “IELTS Trainer Certification” və “Data Science with IBM” kimi beynəlxalq akkreditə olunmuş kursların keçirilməsi ölkənin təhsil sisteminin beynəlmiləlləşməsinə xidmət edir.

"Bu proses nəticəsində məzunların işə qəbul şansı və rəqabət qabiliyyəti artır. “LinkedIn Global Skills Report 2024” sənədinə əsasən, beynəlxalq sertifikata malik olan şəxslərin iş tapma ehtimalı 37% daha yüksəkdir.

Lakin mənfi tərəfi ondadır ki, beynəlxalq sertifikatların alınması yüksək maliyyə və vaxt xərcləri tələb edir.

Məsələn, PMP sertifikatının əldə edilməsi üçün orta hesabla 555 ABŞ dolları, “AWS Solutions Architect” sertifikatı üçün isə 300 ABŞ dolları ödənilməlidir. Bu isə xüsusilə regionlarda yaşayan, gəliri aşağı olan şəxslər üçün çətinlik yaradır.

Bununla yanaşı, bəzi sertifikatların yerli əmək bazarında tanınmaması da müşahidə olunur. Belə hallarda şəxs beynəlxalq səviyyədə rəqabətə hazır olsa da, daxili bazarda onun üstünlüyü formal qiymətləndirilmir. Bu problemin həlli üçün Elm və Təhsil Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında qarşılıqlı tanınma mexanizmlərinin yaradılması vacibdir.

Dünya təcrübəsində beynəlxalq sertifikatlaşma təhsil və məşğulluq siyasətinin əsas komponentlərindən biridir. Finlandiya və Sinqapurda bu sistem dövlət dəstəyi ilə aparılır, dövlət və özəl sektor əməkdaşlığı çərçivəsində vətəndaşlara sertifikat proqramlarına qatılmaq üçün maliyyə subsidiyaları təqdim olunur.

ABŞ-da “National Professional Certification Framework” vasitəsilə 2000-dən çox peşə üzrə beynəlxalq sertifikatlaşdırma standartı müəyyən edilib. Avropa İttifaqı ölkələrində “Europass Certificate Supplement” modeli tətbiq olunur ki, bu da hər bir sertifikatın təhsil səviyyəsi və peşə uyğunluğu barədə standart izah sənədi ilə müşayiət olunmasını təmin edir.

Azərbaycanda da Elm və Təhsil Nazirliyinin bu istiqamətdə gördüyü işlər – xüsusən “Peşəkar inkişaf mərkəzləri”nin yaradılması və müəllimlər üçün kredit əsaslı sertifikatlaşdırma mexanizmlərinin tətbiqi – dünya təcrübəsinə uyğun addımlardır. Bu, yalnız kadrların fərdi inkişafını deyil, həm də təhsil sistemində keyfiyyətli insan kapitalının formalaşmasını təmin edir.

Gələcəkdə dəyişməli olan əsas məqam beynəlxalq sertifikatların yalnız fərdi təşəbbüslərlə deyil, dövlət siyasətinin struktur elementi kimi tətbiq edilməsidir. Əgər bu proses dövlət proqramları vasitəsilə maliyyələşdirilsə və sertifikatlı kadrlar üçün əməkhaqqı differensasiyası təmin olunsa, bu, həm motivasiya, həm də peşəkarlıq səviyyəsində ciddi yüksəliş yaradacaq.

Elm və Təhsil Nazirliyinin bu istiqamətdə göstərdiyi təşəbbüslər – beynəlxalq partnyorlarla əməkdaşlıq, müəllimlərin inkişaf proqramlarına dəstək və təhsil müəssisələrinin akkreditasiya prosesində sertifikatlaşmanı meyar kimi daxil etməsi – müasir idarəetmə sisteminin formalaşmasına xidmət edən çox müsbət addımdır.

Hesab edirəm ki, beynəlxalq sertifikatların tətbiqi təkcə fərdi karyera deyil, həm də milli təhsil sisteminin rəqabət qabiliyyətinin göstəricisidir. Azərbaycanın təhsil idarəçiliyi bu istiqamətdə ardıcıl siyasət həyata keçirməklə həm yerli, həm də beynəlxalq əmək bazarına uyğunlaşma prosesini sürətləndirir. Elm və Təhsil Nazirliyinin bu siyasəti ölkənin insan kapitalının inkişafı və bilik iqtisadiyyatına keçid istiqamətində mühüm strateji addımdır."- ekspert qeyd edib.

Hazırki dövrdə ən geniş tanınan beynəlxalq sertifikatlara aşağıdakılar daxildir:  
PMP (Project Management Professional) – Layihə idarəçiliyi üçün  
CFA (Chartered Financial Analyst) – Maliyyə və investisiya sahəsində  
TOEFL/IELTS – İngilis dili bilik səviyyəsinin təsdiqi üçün  
CISSP (Certified Information Systems Security Professional) – Kiber təhlükəsizlik üzrə  
Six Sigma – Keyfiyyət idarəçiliyi və prosesin təkmilləşdirilməsi üçün  
ACCA – Maliyyə və mühasibatlıq üzrə  
Cisco CCNA/CCNP – Şəbəkə texnologiyaları üzrə  

Bu sertifikatlar fərqli sahələrdə peşəkarlığı təsdiqləyir və iş bazarında rəqabət üstünlüyü yaradır.  

Əlaqəli Xəbərlər