Azərbaycanın Rumıniyadakı səfiri Timişoara şəhərində görüşlər keçirib - Fotolar

Azərbaycanın Rumıniyadakı səfiri Qudsi Osmanov Timişoaranın meri və hakim koalisiada olan “Rumıniya Xilaskərlar Birliyi” (USR) partiyasının sədri Dominik Frits ilə görüş keçirib.
Azərbaycanın Rumıniyadakı Səfirliyinin Mətbuat Xidmətindən Operativ Media -ya verilən xəbərə görə, görüşdə mümkün əməkdaşlıq imkanları, Timişoara ilə Azərbaycan arasında yeni əlaqələrin qurulması və ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub.
Səfir Qudsi Osmanov şəhərin multikultural xarakterini, beynəlxalq əməkdaşlığa açıqlığını, gənclərin ictimai həyatda fəallığını və özünəməxsus, unikal memarlığını vurğulayaraq, bunun 2023-cü ildə Timişoaranın Avropanın Mədəniyyət Paytaxtı statusu alması, beynəlxalq səviyyədə tanınması və onun mədəni potensialının önə çıxmasına mühüm töhfə verməsini qeyd edib.
O, Azərbaycan ilə Rumıniya əlaqələrinə toxunaraq, iki ölkənin regionları arasında əməkdaşlığının qarşılıqlı faydasından danışıb.
Mer Dominik Frits Timişoaranın “şəhər diplomatiyası” konsepsiyasına sadiqliyini və Azərbaycanla münasibətlərin möhkəmləndirilməsində marağını ifadə edib.