Yaşadığı yer üzrə qeydiyyata düşmək istəyən şəxslər nə etməlidirlər? - İZAH
“Şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri nəzərdə tutulur”.
Bu sözləri Operativ Media-ya açıqlamasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Xəyalə Məmmədova deyib.
O bildirib ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar:
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Azərbaycan Respublikası vətəndaşlarının yaşadığı yer üzrə qeydə alınmasını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.
Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq yaşadığı ərazi üzrə qeydə alınması üçün ASAN Xidmət mərkəzinə müraciət etməlidir. Müraciət edən vaxt yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi təqdim etməlidir. Həmin sənəd mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi hesab edilir. Həmçinin, yaşayış sahəsinin mülkiyyətçinin razılıq ərizəsi təqdim edilməlidir. Yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata alınır və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirilməlidir.
Əgər şəxsin yaşadığı yerin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı yoxdursa bu halda ərazi üzrə Rayon Polis idarəsinə (şöbəsinə) ərizə ilə müraciət etməlidir. Rayon Polis idarəsi (şöbəsi) tərəfindən şəxsin yaşayış yeri üzrə qeydə alınmasından imtina edildikdə, İnzibati Məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Bu zaman işə baxan İnzibati məhkəmə şəxsin yaşadığı yer üzrə qeydə alınması barədə öhdəliyi Polis idarəsinin (şöbəsinin) üzərinə qoyur. Nəticədə, Polis İdarəsi (şöbəsi) inzibati məhkəmənin qərarı əsasında şəxsi qeydə alır”.