Stressdən insultadək: Beyin sağlamlığı ilə bağlı vacib məqamlar - Nevroloq danışır
Nevroloji xəstəliklərin erkən diaqnostikası, stressin beyin sağlamlığına təsiri, gənclər arasında insult riskinin artması və cəmiyyətdə bu sahə ilə bağlı mövcud olan təhlükəli yanlış inanclar…
Nevroloq Röyanə Quluzadə Operativ Media-ya müsahibəsində bu və digər aktual mövzulara aydınlıq gətirib, nevroloji problemlərin hansı hallarda ciddi təhlükə siqnalı sayıldığını və həkimə müraciətin nə üçün gecikdirilməməli olduğunu izah edib.
- Ən çox gec diaqnoz qoyulan nevroloji xəstəlik hansıdır və bunun əsas səbəbi nədir?
- Bəzi nevroloji xəstəliklər var ki, onların diaqnozu daha gec qoyulur. Bunun səbəbi həmin xəstəliklərin diaqnozu üçün simptomların müəyyən mərhələyə qədər inkişaf etməsi və spesifik əlamətlərin formalaşmasının vacib olmasıdır.
Bu xəstəliklərə fibromialgiya, dağınıq skleroz, miasteniya və sair daxildir. Belə pasiyentlər çox zaman ümumi şikayətlər edirlər: yorğunluq, halsızlıq, baş ağrıları, havanın pis olması hissi, enerjinin azalması, həvəssizlik, bədəndə ümumi ağrılar və s.
Göründüyü kimi, bunlar qeyri-spesifik, ümumi əlamətlərdir və konkret bir xəstəliyə birbaşa işarə etmir. Odur ki, əsas səbəbi tapmaq bəzən həkimlər üçün çətin olur.
- Baş ağrıları hər zaman nevroloji problem sayılırmı, yoxsa insanlar hansı hallarda boş yerə narahat olurlar?
- Baş ağrıları insanların ən çox şikayət etdiyi simptomlardan biridir. Lakin baş ağrısı özü-özlüyündə bir xəstəlik deyil, bir simptomdur və müxtəlif səbəbləri ola bilər.
Beynəlxalq təsnifata görə baş ağrıları birincili və ikincili olmaqla iki yerə bölünür.
Birincili baş ağrılarına miqren, gərginlik tipli baş ağrıları və klaster baş ağrıları daxildir. Bu ağrıların səbəbi əsasən beyin damarları və sinirlərlə əlaqəlidir.
İkincili baş ağrıları isə daha təhlükəli hesab olunur. Bu zaman səbəb beyin şişləri, qaraciyərin və digər orqanların ağır xəstəlikləri ola bilər.
- Stress və psixoloji gərginlik beyində real, qalıcı dəyişikliklər yarada bilərmi?
- Belə bir deyim var: “Bütün xəstəliklər əsəbdəndir".
Həqiqətən də stress və psixoloji gərginlik beyinə elə zərər verə bilər ki, bu, hətta qalıcı və dağıdıcı neyrodegenerativ xəstəliklərin inkişafına səbəb ola bilər.
Məsələn, dağınıq skleroz, üçlü sinir nevralgiyası, miqren kimi xəstəlikləri tətikləyən əsas faktorlardan biri məhz stressdir.
- Telefon, planşet və uzunmüddətli ekran istifadəsi beyin sağlamlığına necə təsir edir?
- Müasir dövrdə beyin sağlamlığına ən çox zərər verən faktorlardan biri telefon və planşetlərin uzunmüddətli istifadəsidir. Uzun müddət ekrana baxmaq beynin lazımsız informasiya ilə yüklənməsinə səbəb olur. Nəticədə beyin sanki “donur” və yeni məlumatları qəbul etməkdə çətinlik çəkir.
Bundan əlavə, davamlı ekran istifadəsi mavi işığın təsiri ilə gözlərə və beyin damarlarında spazma səbəb olur. Bu da beynin daha tez yorulmasına və vaxtından əvvəl qocalmasına gətirib çıxarır.
- Gənclər arasında insult və digər ağır nevroloji xəstəliklərin artmasının səbəbləri nələrdir?
- Gənclər arasında insult və digər ağır nevroloji xəstəliklərin artmasının əsas səbəbi düzgün olmayan həyat tərzi və pis vərdişlərdir. Siqaret və qəlyanın davamlı istifadəsi, energetik içkilərin zərərsiz hesab edilərək həddindən artıq qəbul edilməsi, fast-food qidalanma beyin damarlarının çirklənməsinə və damar divarının zədələnməsinə səbəb olur.
Bu proseslər nəticəsində arterial təzyiq yüksəlir və beyində qan dövranı pozuntuları, hətta insult riski artır.
- Yaddaş zəifləməsi həmişə alzheimer xəstəliyinin ilkin əlamətidirmi?
- Yaddaş zəifləməsi və diqqət dağınıqlığı təkcə Alzheimer xəstəliyinə xas deyil. Bu əlamətlər beyin qan dövranı pozuntularında, dağınıq skleroz, Parkinson xəstəliyi kimi neyrodegenerativ xəstəliklərdə, eləcə də həyəcan, təşviş və nevroz hallarında da müşahidə edilə bilər.
Lakin dünyada demensiyanın ən çox rast gəlinən və əsas səbəbi Alzheimer xəstəliyidir. Əgər yaddaş pozuntuları getdikcə artırsa, insan adları, tarixləri unudursa, yaşadığı evi tanımırsa, gündəlik bacarıqlarını itirirsə, bu halda Alzheimer xəstəliyinin araşdırılması mütləqdir.
- Yuxusuzluq beyinə hansı səviyyədə zərər vurur?
- Beynin özünü bərpa etdiyi əsas dövr yuxudur. Orta yaşlı sağlam insan üçün normal yuxu müddəti 7–8 saatdır. Yuxu çatışmazlığı zamanı beynin yenilənmə prosesi pozulur.
Yuxu zamanı mikroqliya hüceyrələri artıq və lazımsız informasiyanı beyindən təmizləyir. Bu proses baş vermədikdə halüsinasiyalar, yaddaş pozuntuları və ciddi psixi problemlər yarana bilər. Uzunmüddətli yuxusuzluq hətta həyati təhlükə yarada bilər.
- Nevroloji xəstəliklərlə psixi pozuntular arasındakı sərhəd haradadır?
- Nevroloji xəstəliklərdə sinir sistemində struktur və funksional dəyişikliklər aşkar olunur. Psixiatrik xəstəliklərdə isə adətən bu dəyişikliklər birbaşa ölçülə bilmir. Buna baxmayaraq, bu iki sahə arasında çox incə bir sərhəd mövcuddur və bəzən biri digərinə keçə bilir.
- İnsanlar nevroloqa nə vaxt müraciət etməlidirlər?
- Əgər nevroloji əlamətlər 6–7 ay və ya daha uzun müddət davam edirsə, getdikcə artırsa və insanın gündəlik həyatına mane olursa, mütləq həkimə müraciət edilməlidir. Özbaşına dərman qəbulu yolverilməzdir və vəziyyəti daha da ağırlaşdıra bilər. Nevroloji əlamətlər çox zaman sakit və tədricən başlayır, lakin vaxtında müdaxilə olunmadıqda ciddi və geri dönməz fəsadlara yol aça bilər. Ona görə də bədəndə baş verən dəyişiklikləri “keçər”, “öz-özünə düzələr” deyə yubatmaq düzgün deyil.
İnsanlar bilməlidirlər ki, erkən diaqnostika nevroloji xəstəliklərin müalicəsində ən vacib amildir. Xəstəlik nə qədər erkən aşkarlanarsa, müalicə bir o qədər effektiv olur və həyat keyfiyyəti qorunur. Xüsusilə baş ağrılarının xarakterinin dəyişməsi, ətraflarda keyimə və zəiflik, yaddaş və diqqət problemləri, yuxu pozuntuları, tez yorulma, emosional vəziyyətin uzunmüddətli pozulması kimi əlamətlər mütləq diqqətə alınmalıdır.
Eyni zamanda, insanlar sağlam həyat tərzinə üstünlük verməlidirlər: düzgün qidalanma, kifayət qədər yuxu, stressin idarə olunması, zərərli vərdişlərdən uzaq durmaq beyin sağlamlığının qorunmasında əsas rol oynayır. Telefon və ekran qarşısında keçirilən vaxtın azaldılması, fiziki aktivliyin artırılması da çox vacibdir.
Ən önəmlisi isə özbaşına müalicədən uzaq durmaqdır. Qohum-tanış məsləhəti ilə dərman qəbul etmək, internetdə oxunan məlumatlara əsasən özünə diaqnoz qoymaq təhlükəlidir. Nevroloji və psixi sağlamlıq peşəkar yanaşma tələb edir. Bu səbəbdən hər hansı şübhəli əlamət olduqda vaxtında mütəxəssisə müraciət etmək insanın özünə və həyatına verdiyi ən böyük dəyərdir.
