Aviabiletləri cəriməsiz qaytarmaq mümkündürmü? – Vətəndaşlara vacib tövsiyələr
Aviakompaniyalar biletləri qaytararkən və ya dəyişdirərkən sərt cərimələr tətbiq edir və bunun əsas səbəbi aviasiya sistemində xaosun yaranmasının qarşısını almaqdır. Burada iki əsas səbəb var. Birincisi sui-istifadə halları, ikincisi isə müştəri məsuliyyətsizliyi.
Operativ Media xəbər verir ki, bu sözləri turizm eksperti Rəhman Quliyev deyib.
O bildirib ki, məsələn, əgər cərimə sistemi olmasa, insanlar planlarını tam dəqiqləşdirmədən biletləri rahat şəkildə alar, sonra isə istədikləri vaxt geri qaytarardılar. Bu da nəticədə təyyarələrdə yerlərin süni şəkildə tutulmasına, yerlərin məhdud görünməsinə və biletlərin qiymətlərinin bahalaşmasına səbəb olardı. Yəni bəzi sərnişinlər real uçmaq niyyəti olmadan yerləri “rezerv” etmiş kimi vəziyyət yaranardı:
“Digər tərəfdən aviakompaniya uçuşları aylar öncədən planlaşdırır. Reyslər formalaşdırılır, yanacaq, texniki xidmət, heyət və hava limanı xərcləri əvvəlcədən hesablanır. Əgər sərnişin uçuşa bir neçə saat və ya bir neçə gün qalmış bileti qaytararsa, aviakompaniya həmin yeri yenidən sata bilməyə bilər və bu da ciddi zərərə səbəb olar. Hətta bəzi hallarda kütləvi qaytarılmalar reysin rentabelliyinə təsir edə bilər.
Buna görə də bütün dünya aviakompaniyaları tarif siyasətinə uyğun olaraq cərimələr tətbiq edir. Xarici aviakompaniyalarda bu qaydalar adətən daha sərt olur. Azərbaycan Hava Yolları kimi bəzi daşıyıcılarda isə müəyyən güzəştlər mövcuddur. Məsələn, bəzi tariflərdə bilet alındıqdan sonra ilk üç saat ərzində dəyişiklik və ya qaytarılma cəriməsiz mümkündür. Amma bu müddət keçdikdən sonra artıq tarif qaydalarına uyğun cərimələr tətbiq edilir.
Cərimənin məbləği isə əsasən bunlardan asılı olur:
— biletin hansı tariflə alınmasından
— uçuşa nə qədər vaxt qalmasından
— ekonom, biznes və ya promo tarif olmasından
— daxili və ya beynəlxalq reys olmasından
— aviakompaniyanın daxili qaydalarından
Ən ucuz promo biletlər adətən ya ümumiyyətlə qaytarılmır, ya da çox yüksək cərimə ilə dəyişdirilir. Daha bahalı və elastik tariflərdə isə qaydalar daha yumşaq olur.
Vətəndaşların minimum cərimə ilə vəziyyətdən çıxması üçün isə bir neçə vacib məqam var:
— bileti almamışdan əvvəl tarif qaydalarını diqqətlə oxumaq
— plan dəqiq deyilsə, ən ucuz deyil, elastik tarif seçmək
— dəyişiklik ehtimalı varsa, bunu son günə saxlamamaq
— mümkün qədər erkən müraciət etmək
— qaytarmaq əvəzinə tarix dəyişikliyinin daha sərfəli olub-olmadığını yoxlamaq
Bəzi hallarda xəstəlik, viza problemi və ya fövqəladə vəziyyətlə bağlı rəsmi sənəd təqdim olunarsa, aviakompaniya xüsusi güzəştlər də tətbiq edə bilir. Buna görə problem yaranan kimi şirkətlə vaxt itirmədən əlaqə saxlamaq vacibdir”.