Menyu

Səhiyyədə keyfiyyət və əlçatanlıq: İslahatlar öz bəhrəsini verir - ŞƏRH

Ayşən Sadıxzadə
Səhiyyədə keyfiyyət və əlçatanlıq: İslahatlar öz bəhrəsini verir - ŞƏRH

"Ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri əhalinin rifahının yüksəldilməsi ilə yanaşı, sağlamlığının qorunmasıdır. İlham Əliyev və Mehriban Əliyeva tərəfindən bu sahəyə göstərilən xüsusi diqqət nəticəsində səhiyyə sistemi son illərdə mühüm inkişaf mərhələsinə qədəm qoyub".

Bu sözləri Operativ Media-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib. 

O bildirib ki, əhalinin sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətin təmin olunması daim dövlət başçısının diqqət mərkəzində olub:

“Məhz bu siyasi iradənin nəticəsi olaraq ölkəmizdə icbari tibbi sığorta sistemi tətbiq olunub və qısa müddət ərzində bütün ölkə üzrə genişləndirilib. Bu, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində atılmış ən mühüm addımlardan biri hesab olunur.

İcbari tibbi sığorta ilkin olaraq 2016-cı ildə pilot layihə kimi Yevlax və Mingəçevir şəhərlərində tətbiq olunmağa başlanıb. Bu mərhələ göstərdi ki, sistem əhali üçün tibbi xidmətlərin həm əlçatanlığını, həm də keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Sonradan isə bu model bütün ölkə üzrə tətbiq edildi.

Diqqətəlayiq məqamlardan biri də odur ki, icbari tibbi sığortanın genişləndirilməsi prosesi həm Vətən müharibəsi, həm də bütün dünyanı əhatə edən pandemiya dövrünə təsadüf etdi. Buna baxmayaraq, Azərbaycan səhiyyəsi dövlətin diqqəti və çevik idarəetmə mexanizmləri sayəsində bu çətin sınaqlardan uğurla çıxa bildi.

Hazırda icbari tibbi sığorta çərçivəsində 3500-dən çox tibbi xidmət əhaliyə təqdim olunur. Ən mürəkkəb və maliyyə baxımından ağır əməliyyatlar ürək əməliyyatları, orqan transplantasiyası və digər ciddi tibbi müdaxilələr artıq sığorta hesabına həyata keçirilir və bu da vətəndaşların maliyyə yükünü əhəmiyyətli dərəcədə azaldır.

Son dövrlərdə bu sahədə idarəetmənin daha da təkmilləşdirilməsi istiqamətində yeni addımlar atılıb. İcbari tibbi sığorta sisteminin Tibbi Ekspertiza Mərkəzi ilə inteqrasiyası sosial və tibbi risklərin daha effektiv idarə olunmasına xidmət edir. Eyni zamanda, TƏBİB strukturunda aparılan yeni təyinatlar və idarəetmə dəyişiklikləri səhiyyə sistemində çevikliyin və səmərəliliyin artırılmasına yönəlib.

Bu islahatların əsas hədəflərindən biri də regionlarda səhiyyənin inkişaf etdirilməsi və paytaxta axının azaldılmasıdır. Artıq bölgələrdə də yüksək səviyyəli tibbi xidmətlərin göstərilməsi üçün zəruri infrastruktur formalaşdırılır. Bu gün regionlarda mürəkkəb cərrahi əməliyyatların icrası mümkündür ki, bu da dövlətin vətəndaşlara göstərdiyi diqqətin bariz nümunəsidir.

Ümumilikdə, həyata keçirilən islahatlar səhiyyə sisteminin daha müasir, innovativ və vətəndaş yönümlü model əsasında inkişafına xidmət edir. Yeni idarəetmə yanaşmaları və peşəkar kadrların cəlb olunması isə gələcəkdə tibbi xidmətlərin keyfiyyətinin daha da yüksələcəyinə ciddi əsaslar yaradır”.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli isə bildirib ki, tibbi xidmətlərin keyfiyyəti, çeşidi və əlçatanlığı baxımından Abşeronda və paytaxtda müəyyən üstünlüklər mövcuddur:

"Bu, ilk növbədə xəstəxana şəbəkəsinin daha geniş olması, həm dövlət, həm də özəl sektorun əhalinin sayına uyğun daha sürətli inkişaf etməsi ilə bağlıdır. Bu amillər regionlarla müqayisədə müəyyən fərqlərin yaranmasına səbəb olur.

Lakin icbari tibbi sığortanın tətbiqi və regionlarda səhiyyə infrastrukturunun yaxşılaşdırılması nəticəsində əvvəllər mövcud olmayan və ya məhdud olan xidmətlər bu gün artıq yüksək səviyyədə təqdim olunur. Regionlarda yaşayan əhali də paytaxt səviyyəsində tibbi xidmətlərə çıxış əldə etməyə başlayıb.

Hazırda həyata keçirilən islahatların əsas məqsədi regionlarda göstərilən tibbi xidmətlərin keyfiyyət, kəmiyyət və çeşid baxımından paytaxt və iri şəhərlərlə fərqlənməməsidir. Bu istiqamətdə atılan addımlar artıq öz nəticəsini göstərir.

Məsələn, icbari tibbi sığortanın tətbiqindən sonra regionlara ixtisaslı tibb mütəxəssislərinin cəlb olunması genişlənib. Eyni zamanda xəstəxana infrastrukturunun yenilənməsi və müasirləşdirilməsi təmin olunub.

Əvvəllər yalnız paytaxtda icra olunan bir sıra mürəkkəb tibbi müdaxilələr damar cərrahiyyəsi, ürək-damar əməliyyatları, eləcə də daxili orqanlara invaziv müdaxilələr artıq regionlarda da həyata keçirilir. Bu isə tibbi xidmətlərin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirib.

Bununla yanaşı, özəl sektorun da regionlarda inkişafı müşahidə olunur ki, bu da rəqabəti artıraraq xidmət keyfiyyətinə müsbət təsir göstərir.

Təbii ki, görülən işlər yekun deyil. Qarşıda daha geniş xidmət spektrinin formalaşdırılması, əlçatanlığın daha da artırılması və icbari tibbi sığortanın imkanlarından daha səmərəli istifadə edilməsi kimi mühüm vəzifələr dayanır. Bu istiqamətdə davamlı addımlar atıldıqca səhiyyə sistemində yeni uğurların əldə olunacağı gözlənilir”.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudovun sözlərinə görə, son illərdə Azərbaycanda səhiyyə sistemində həyata keçirilən islahatlar yeni və daha sistemli bir mərhələyə qədəm qoyub:

"Xüsusilə səhiyyə infrastrukturunun modernləşdirilməsi, yeni tibb müəssisələrinin yaradılması, mövcud xəstəxanaların yenidən qurulması və icbari tibbi sığorta modelinin tətbiqi bu sahədə keyfiyyətcə fərqli bir mərhələ formalaşdırıb. Bu dəyişikliklər nəticəsində vətəndaşların tibbi xidmətlərə çıxış imkanları əhəmiyyətli dərəcədə genişlənib və səhiyyə xidmətləri daha əlçatan olub.

Regionlarla paytaxt arasında tibbi xidmətlərin əlçatanlığı baxımından əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə irəliləyiş müşahidə olunur.

Artıq bir çox baza və orta səviyyəli tibbi xidmətlər regionlarda təqdim edilir və vətəndaşların yalnız paytaxta üz tutması zərurəti azalıb. Bu, həm sosial ədalətin təmin olunması, həm də səhiyyə sisteminin yükünün balanslaşdırılması baxımından mühüm nəticədir.

Bununla belə, mövcud vəziyyətin obyektiv təhlili göstərir ki, tibbi xidmətlərin keyfiyyəti və xüsusilə yüksək ixtisaslaşmış xidmətlər sahəsində regionlarla paytaxt arasında fərqlər tam aradan qalxmayıb. Ən mürəkkəb klinik halların idarə olunması, multidissiplinar yanaşma və yüksək ixtisaslı kadrların paylanması məsələləri hələ də diqqət mərkəzində olan əsas istiqamətlərdəndir. Bu isə səhiyyə sistemində növbəti mərhələdə prioritetlərin artıq yalnız infrastruktur deyil, eyni zamanda insan resursları və klinik idarəetmə üzərində qurulmasının vacibliyini göstərir.

İcbari tibbi sığorta modelinin tətbiqi səhiyyə sistemində ən mühüm struktur dəyişikliklərdən biri kimi çıxış edir. Bu model sayəsində vətəndaşların tibbi xidmətlərə çıxışı daha sistemli və maliyyə baxımından qorunan hala gəlib. Əhalinin tibbi xidmətlərdən istifadə səviyyəsi artıb, müraciət imkanları genişlənib və səhiyyə xidmətlərinin təşkilində şəffaflıq və idarəolunma qabiliyyəti güclənib.

Eyni zamanda, artan müraciət sayı və sistemə daxil olan yük səhiyyə xidmətlərinin keyfiyyətinə yeni tələblər formalaşdırır. Bu kontekstdə xidmət paketlərinin genişləndirilməsi, klinik protokolların daha effektiv tətbiqi, həkimlərin peşəkar inkişafının davamlı dəstəklənməsi və tibbi qərarvermə proseslərinin standartlaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Səhiyyə sisteminin yalnız əlçatan deyil, eyni zamanda yüksək keyfiyyətli olması növbəti mərhələnin əsas hədəfidir.

Son dövrdə həyata keçirilən struktur dəyişikliklər, o cümlədən icbari tibbi sığorta sisteminin daha geniş idarəetmə mexanizmlərinə inteqrasiyası və TƏBİB-in fəaliyyətində aparılan yeniliklər səhiyyə sistemində vahid yanaşmanın formalaşdırılmasına xidmət edir. Bu dəyişikliklər resursların daha effektiv istifadəsi, qərarların daha operativ qəbulu və vətəndaş məmnunluğunun artırılması baxımından yeni imkanlar yaradır.

Bütün bu proseslər onu göstərir ki, Azərbaycan səhiyyə sistemi təkcə islahat mərhələsində deyil, eyni zamanda davamlı inkişaf və təkmilləşmə yolundadır. Bu istiqamətdə həyata keçirilən siyasətin əsasında isə ölkə rəhbərliyinin, xüsusilə cənab Prezident İlham Əliyevin səhiyyə sahəsinə göstərdiyi davamlı diqqət və sistemli yanaşma dayanır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində səhiyyə sistemi həm infrastruktur, həm idarəetmə, həm də sosial təminat baxımından yeni keyfiyyət mərhələsinə yüksəlir.

Əminliklə demək olar ki, mövcud islahatların davamlı və məqsədyönlü şəkildə həyata keçirilməsi yaxın perspektivdə regionlar üzrə keyfiyyət fərqlərinin daha da azalmasına, tibbi xidmətlərin daha yüksək standartlara çatdırılmasına və ən əsası, vətəndaş məmnunluğunun daha da artmasına gətirib çıxaracaq”.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva isə bildirib ki, səhiyyə infrastrukturunun modernləşdirilməsi və xidmət paketinin genişləndirilməsi fonunda regionlarla paytaxt arasında tibbi xidmətlərin keyfiyyəti və əlçatanlığı baxımından fərqlər aradan hələ qalxmayıb:

"Bu uzun sürən prosesdir, ancaq bu sahədə davamlı işlər aparılır. İcbari tibbi Sığortanın tətbiqindən sonra regionlarda müasir xəstəxanalar inşa edilərək əhalinin istifadəsinə verilib. Hər rayon mərkəzində, poliklinika şöbəsindən tutmuş cərrahiyyə şöbəsinədək geniş xidmət çeşidli, müasir tibbi avadanlıqlara malik belə xəstəxanalar fəaliyyət göstərir. Lakin kadrlarla təminat məsələsində çətinliklər var. Əksər xəstəxanaların müxtəlif ixtisaslar üzrə ştatı olsa da, vakant yerlər çoxdur. Səbəblər müxtəlifdir, amma əsasən sosial-iqtisadi məsələlərlə bağlıdır. Regionlarda çalışan həkimlər əsasən, həmin regionda yaşayanlar olur.

Paytaxt Bakıda iş imkanları və gəlirlər daha çox olduğu halda, bir reallıqdır ki, regionlarda fəaliyyət göstərmək həkimlərimizə cəlbedici gəlmir. Əksər hallarda, Bakıda bir həkim həm özəl, həm də dövlət tibb müəssisəsində çalışır. İş saatlarından kənar hədsiz yüklənmiş həkimlərimiz var. Bu da əslində, mövcud səhiyyə sisteminin iş yükünün proporsional paylanmaması deməkdir.

Düşünürəm ki, regionda işləməyi həkimlərimiz üçün daha cəlbedici etmək olar və onların sosial müdafiəsi istiqamətində əlavə tədbirlər görülə bilər.

Regionlarla bağlı digər məsələ isə, pasiyentlərə ən yaxın olacaq tibb məntəqəsinin və ya kənd-həkim məntəqəsinin bir çox yerlərdə işlək olmaması ilə bağlıdır. Güclü ilkin tibbi-sanitariya yardımının qurulması profilaktikaya və sağlamlaşdırıcı tədbirlərə yönəlik səhiyyə sisteminin yaradılmasına, əhalinin sağlamlıq problemlərinin vaxtında aşkarlanmasına, ən yaxın ərazidə həll olunmasına, səhiyyə resurslarının daha səmərəli istifadəsinə, tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə və əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşmasına əhəmiyyətli töhfə verə bilər.

Kadrların yerli ehtiyaclara uyğun paylanmaması, peşəkar kadr hazırlığının uzun müddətli əsasda planlaşdırılmaması, tibb mütəxəssislərinin müasir bilik və klinik təcrübədən yararlanmaq imkanlarının məhdudluğu əhalinin zəruri tibbi xidmətlərə bərabər əlçatanlığına və mövcud kadr resurslarının iş yükünün optimal paylanmasına mənfi təsir göstərir. 

İlkin səhiyyə xidmətinin bütün ölkə üzrə fəaliyyətinin təkmilləşdirilməsi xəstəliklərin profilaktikasını gücləndirər, müalicə mərhələsinə keçmədən sağalma əldə oluna bilər ki, bu da həm səhiyyə xərclərinin azalmasına, həm də iqtisadi artıma öz müsbət təsirini göstərər”.


Əlaqəli Xəbərlər