VI “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başa çatıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı əsasında və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən “Yüksəliş” müsabiqəsinin VI mövsümü üzrə qeydiyyat mərhələsi 16 aprel 2026-cı il tarixində uğurla başa çatıb.
Operativ Media xəbər verir ki, qeydiyyat müddəti ərzində müsabiqədə iştirak etmək üçün ümumilikdə 17 651 nəfər müraciət edib.
VI mövsüm üzrə qeydə alınan bu nəticə müsabiqəyə ictimai marağın ildən-ilə yüksəldiyini göstərməklə yanaşı, iştirakçı sayı baxımından əvvəlki mövsümlərlə müqayisədə daha yüksək göstəricinin əldə olunduğunu ortaya qoyur. Müqayisə üçün qeyd edək ki, ötən mövsümdə bu rəqəm 16 553 nəfər təşkil edib.
Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev qeyd edib ki, cari mövsüm üzrə qeydiyyat nəticələri müsabiqəyə marağın hər il daha da artdığını nümayiş etdirir:
“Ötən mövsümlə müqayisədə daha yüksək iştirakçı göstəricisinin qeydə alınması “Yüksəliş” müsabiqəsinin ölkədə idarəetmə bacarıqlarına malik şəxslərin üzə çıxarılması və inkişafının dəstəklənməsi istiqamətində mühüm platforma kimi rolunu daha da gücləndirir. Bu nəticə müsabiqənin əhatə dairəsinin genişləndiyini, iştirakçı fəallığının artdığını və cəmiyyətin müxtəlif təbəqələri arasında müsabiqəyə olan inamın davamlı inkişaf etdiyini göstərir”.
Qeydiyyatdan keçən namizədlərin 13 101-i kişi, 4 550-si qadındır. Müsabiqəyə müraciət edənlər arasında 10 120 nəfər ötən illərdə də iştirak etmiş namizədlərdir, 7 531 nəfər isə ilk dəfə müraciət edən şəxslərdir. Ərazi bölgüsünə əsasən, namizədlərin əksəriyyəti Bakı, Abşeron-Xızı və Qarabağ iqtisadi rayonlarını təmsil edir. İştirakçıların yaş bölgüsünə nəzər saldıqda müsabiqə üzrə müəyyən edilmiş 21–51 yaş meyarı çərçivəsində 21–30 yaş aralığında 6 248 nəfər, 31–40 yaş aralığında 8 974 nəfər, 41–51 yaş aralığında isə 2 429 nəfərin iştirak etdiyi müşahidə olunur.
İştirakçıların fəaliyyət sahəsinə görə bölgüsü də diqqət çəkir. Belə ki, qeydiyyatdan keçənlərin 52,76 faizi dövlət sektorunda, 45,04 faizi özəl sektorda, 1,24 faizi qeyri-hökumət təşkilatlarında, 0,95 faizi isə beynəlxalq qurumlarda fəaliyyət göstərir.
Müsabiqə iştirakçılarının bakalavriat üzrə təhsil göstəricilərinə nəzər saldıqda onların böyük əksəriyyətinin ali təhsilini Azərbaycanda aldığı görünür. Belə ki, 16 554 nəfər iştirakçı bakalavriat təhsilini Azərbaycanda alıb. Xaricdə bakalavriat təhsili almış iştirakçıların ümumi sayı 1 097 nəfərdir. Onlardan 871 nəfər bakalavriat təhsilini yalnız xaricdə, 226 nəfər isə həm Azərbaycanda, həm də xaricdə alıb.
Bununla yanaşı, iştirakçılar arasında magistratura səviyyəsində təhsil alanların sayı da diqqət çəkir. Belə ki, ümumilikdə, 8 782 nəfər magistratura təhsili alıb. Onlardan 7 137 nəfər magistratura təhsilini Azərbaycanda alıb. Xaricdə magistratura təhsili almış iştirakçıların ümumi sayı 1 645 nəfərdir. Onlardan 1 266 nəfər magistratura təhsilini yalnız xaricdə, 379 nəfər isə həm Azərbaycanda, həm də xaricdə əldə edib.
Eyni zamanda, doktorantura/ aspirantura səviyyəsində təhsil alan iştirakçıların sayı 1 185 nəfər təşkil edib. Onlardan 903 nəfər bu təhsil pilləsini Azərbaycanda alıb. Xaricdə doktorantura/aspirantura təhsili almış iştirakçıların ümumi sayı 282 nəfərdir. Onlardan 270 nəfər doktorantura/aspirantura təhsilini yalnız xaricdə, 12 nəfər isə həm Azərbaycanda, həm də xaricdə keçib.
Qarşıda müsabiqənin növbəti mərhələsi olan onlayn formatda keçirilən Ümumi biliklər imtahanı gəlir. Bu mərhələdə iştirakçılara Azərbaycan və dünya üzrə tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, idarəetmənin əsasları, eləcə də müasir trendləri əhatə edən 4 blok üzrə 25 sual təqdim olunacaq. Bu mərhələ iştirakçıların ümumi dünyagörüşünü və bilik səviyyəsini ilkin şəkildə qiymətləndirməyə imkan verəcək.
Ümumi biliklər imtahanında uğur qazanan namizədlər müsabiqənin növbəti mərhələlərinə Analitik təhlil, İdarəetmə bacarıqları, Yarımfinal və Final mərhələlərinə vəsiqə əldə edəcəklər.
“Yüksəliş” müsabiqəsi iştirakçılara bilik və bacarıqlarını sınamaq imkanı yaratmaqla yanaşı, eyni zamanda, onların peşəkar inkişafına və gələcək karyera perspektivlərinə töhfə verən mühüm platforma kimi çıxış edir. Müsabiqənin əsas üstünlüklərindən biri də Kadr Bankı mexanizmidir. Belə ki, idarəetmə bacarıqları imtahanı, yarımfinal və final mərhələlərində iştirak etmiş şəxslər Kadr Bankına daxil edilir. Onlar platforma üzərindən öz peşəkar fəaliyyətlərinə dair məlumatları təqdim və yeniləyə bilirlər. Bu isə ölkənin yüksək potensiala malik kadrlarının tanıdılması və onların müxtəlif qurumlar tərəfindən dəyərləndirilməsi baxımından əhəmiyyətli imkan yaradır.
Müsabiqə iştirakçıları üçün vacib məqamlardan biri də növbəti mərhələlərin tarixləri və proseslə bağlı məlumatların şəxsi kabinet vasitəsilə təqdim olunmasıdır. İştirakçılar qarşıdakı mərhələlərə dair tarix və yeniliklərlə şəxsi kabinetlərinin təqvim bölməsi üzərindən tanış ola biləcəklər. Bu səbəbdən namizədlərə şəxsi kabinetlərini mütəmadi olaraq izləmələri tövsiyə olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalayıb.