Menyu

Ali Məhkəmə borc müqavillərindən irəli gələn hüquqi risklərlə bağlı izah verib

Operativ Media
Ali Məhkəmə borc müqavillərindən irəli gələn hüquqi risklərlə bağlı izah verib

Ali Məhkəmə borcun təminatı məqsədilə alqı-satqı müqavilələrinin bağlanması zamanı yaranan hüquqi risklərlə bağlı izah verib.

Operativ Media xəbər verir ki, praktikada tez-tez rast gəlinən hallardan biri borcun təmin edilməsi məqsədilə borcalana (və ya onun yaxınlarına) məxsus daşınmaz əşyanın (torpağın, evin və s.) alqı-satqı müqaviləsi ilə borcverənin (və ya onun göstərdiyi digər şəxsin) adına rəsmiləşdirilməsidir. Yəni tərəflər girov və ya ipoteka kimi qanunla nəzərdə tutulmuş mexanizmlərdən istifadə etmək əvəzinə, borcalan tərəf formal olaraq daşınmaz əmlakını borverənə satır, əslində isə məqsəd borca təminat vermək olur.

İlk baxışdan bu üsul tərəflər üçün rahat görünsə də, sonradan ciddi hüquqi problemlərə səbəb ola bilər.

Əsas risk ondan ibarətdir ki, müqavilə formal olaraq alqı-satqı kimi bağlandığı üçün əşya hüquqi baxımdan artıq digər şəxsin mülkiyyətinə keçir. Mübahisə yarandıqda borclu tərəf adətən iddia edir ki, bu müqavilə əslində satış üçün deyil, borcun təminatı kimi bağlanıb, qarşı tərəf isə bunu inkar edir. Bu zaman sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı müqavilənin əslində alqı-satqı niyyəti ilə deyil, borcun təminatı kimi bağlandığına dair mötəbər sübutlar təqdim etməlidir. Bu isə əksər hallarda iddiaçı üçün kifayət qədər ağır sübutetmə yükü yaradır.

Bu cür risklərlə üzləşməmək üçün vətəndaşlara aşağıdakı tövsiyələr olunur:

-borcun təminatı üçün alqı-satqı müqaviləsindən istifadə etməmək;

-bunun əvəzinə qanunvericilikdə nəzərdə tutulmuş girov və ya ipoteka mexanizmlərinə üstünlük vermək;

-bütün şərtləri müqavilədə yazılı şəkildə və müfəssəl formada göstərmək;

-zərurət olduqda hüquqşünas məsləhəti almaq.

Nəticə olaraq, borcun təminatı məqsədilə alqı-satqı müqaviləsinin bağlanması tərəflər üçün ciddi və bəzən geri dünüşü olmayan hüquqi nəticələr yarada bilər.

Daha təhlükəsiz yol isə qanunda nəzərdə tutulmuş hüquqi mexanizmlərdən istifadə etməkdir. Bu yanaşma həm tərəflərin hüquqlarını qoruyur, həm də gələcək mübahisələrin qarşısını alır.

Əlaqəli Xəbərlər