Azərbaycan Ordusunda Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü qeyd edilib
Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Nazirliyin tabeliyində olan birlik, birləşmə və hərbi hissələrdə silsilə tədbirlər keçirilib.
Operativ Media xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa edilib.
Tədbirlərdə çıxış edənlər bildiriblər ki, bütün həyatını xalqına xidmətə həsr edən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvanda anadan olub. Onun ölkəmizə rəhbərlik etdiyi illərdə respublikamız böyük inkişaf yolu keçib, beynəlxalq aləmdə nüfuzu daha da artıb.
Ulu Öndərin xalqımızın milli şüurunun oyanışı istiqamətində gördüyü böyük işlər nəticəsində Azərbaycan müstəqil və suveren dövlət kimi mövcudluğunu təmin edib.
Onun yorulmaz fəaliyyəti nəticəsində bütün sahələrdə olduğu kimi, ordu quruculuğu prosesində də möhkəm təməl yaradılmış, mühüm uğurlar qazanılmış və genişmiqyaslı islahatlar həyata keçirilmişdir. Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan Ordusu bu gün dünyanın ən güclü orduları sırasında layiqli yer tutmaqdadır.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində dövlətçiliyimizin iqtisadi dayaqları daha da möhkəmlənib.
Ölkəmiz demokratik dövlət və ordu quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edib. Hərbi potensialı gündən-günə artan Ordumuz torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa edib və şanlı Zəfər qazanıb.
Həmçinin vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahının yüksəldilməsi, ordumuzun və dövlətçiliyimizin inkişafı istiqamətində misilsiz xidmətləri, eləcə də əziz xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və bütövlükdə xalqımızın qəlbində daim yaşayacaq, heç vaxt unudulmayacaqdır.
Silsilə tədbirlər çərçivəsində şəxsi heyətin Heydər Əliyev Mərkəzlərinə, muzeylərə ziyarəti təşkil olunub, hərbi hissələrdə Ulu Öndərin həyat və yaradıcılığı barədə videofilmlər nümayiş etdirilib.
Sonda vətənpərvərlik ruhunda mədəni-kütləvi tədbirlər keçirilib.