Menyu

Rəqəmsal transformasiyada yeni mərhələ: "Süni intellekt haqqında" qanun layihəsi nələri tənzimləyəcək?

Ayşən Sadıxzadə
Rəqəmsal transformasiyada yeni mərhələ: "Süni intellekt haqqında" qanun layihəsi nələri tənzimləyəcək?

Süni intellekt texnologiyaları sürətlə inkişaf etdikcə onların hüquqi tənzimlənməsi məsələsi də aktuallaşır. Azərbaycanda hazırlanmaqda olan ilk AI qanunu süni intellektin istifadəsi ilə bağlı qaydaların müəyyənləşdirilməsi, hüquqi məsuliyyət mexanizmlərinin formalaşdırılması və mümkün risklərin idarə olunmasını hədəfləyir. Bəs yeni qanun yerli startapların fəaliyyətinə, bloggerlərin hazırladığı məzmuna və media qurumlarının iş prinsipinə necə təsir göstərəcək? Bu sual həm texnologiya sektorunun, həm də informasiya məkanının gələcəyi baxımından xüsusi maraq doğurur.

Mövzu ilə bağlı Operativ Media-ya danışan vəkil Ramil Vəliyev bildirib ki, Azərbaycanda süni intellekt sahəsində ayrıca qanun layihəsinin hazırlanması ölkənin rəqəmsal transformasiyasında yeni mərhələnin başlanğıcı hesab olunur:

"Hazırda dövlət qurumları tərəfindən “Süni intellekt haqqında” qanun layihəsi üzərində iş aparıldığı rəsmi şəkildə təsdiqlənib.

Bu qanunun əsas məqsədi süni intellekt texnologiyalarının təhlükəsiz, şəffaf və məsuliyyətli istifadəsini təmin etmək olacaq. Qanun layihəsinin hazırlanması 2025–2028-ci illər üzrə Süni İntellekt Strategiyasında nəzərdə tutulan normativ-hüquqi bazanın formalaşdırılması hədəfləri ilə də uzlaşır.  

Yerli startaplar üçün yeni qanun ilk növbədə hüquqi müəyyənlik yaradacaq. Süni intellekt məhsulları hazırlayan şirkətlər hansı qaydalara əməl etməli olduqlarını daha dəqiq biləcəklər.

Qanun layihəsi innovativ texnologiyaların inkişafını məhdudlaşdırmaqdan daha çox, onların təhlükəsiz tətbiqini tənzimləməyi hədəfləyir. Bu isə investorların AI layihələrinə olan etimadını artıra bilər.

Bloggerlər üçün ən mühüm dəyişikliklərdən biri süni intellekt vasitəsilə yaradılmış məzmunun işarələnməsi tələbləri ola bilər. Millət vəkilləri tərəfindən AI ilə hazırlanmış foto, video və audio materialların nişanlanmadan yayılmasına görə məsuliyyət müəyyən edilməsinin vacibliyi vurğulanıb.  

Bu halda istifadəçilər paylaşdıqları görüntü və ya səslərin real yoxsa süni intellekt tərəfindən yaradıldığını göstərməli ola bilərlər. Belə tələblər dezinformasiyanın və deepfake texnologiyalarının yayılmasının qarşısını almağa yönələcək.

Media qurumları üçün də yeni öhdəliklər yarana bilər. Xəbər portalları və televiziya kanalları AI vasitəsilə hazırlanmış materialları auditoriyaya təqdim edərkən onların mənşəyini açıqlamalı ola bilərlər.

Bununla yanaşı, qanun media sektorunda süni intellektdən istifadənin genişlənməsinə də şərait yarada bilər. Avtomatik tərcümə, məzmun analizi və xəbər istehsalı proseslərində AI texnologiyalarının tətbiqi daha sürətli inkişaf edə bilər.

Qanun layihəsində şəxsi məlumatların qorunması, etik prinsiplər və insan hüquqlarının müdafiəsi məsələlərinin xüsusi yer tutacağı gözlənilir. Bu istiqamət Süni İntellekt Strategiyasında ayrıca prioritet kimi göstərilib.  

Nəticə etibarilə, Azərbaycanın ilk AI qanunu yalnız texnologiya sektorunu deyil, media, marketinq və rəqəmsal yaradıcılıq sahələrini də əhatə edən yeni qaydalar formalaşdıracaq. Əgər balanslı və innovasiyanı dəstəkləyən yanaşma seçilərsə, bu qanun ölkədə süni intellekt sisteminin inkişafını sürətləndirə və yerli şirkətlərin beynəlxalq rəqabət qabiliyyətini artıra bilər”.

Media eksperti Yadigar Məmmədli isə qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərmana əsasən media sahəsində fəaliyyət göstərən iki qurumun birləşdirilməsi nəticəsində yeni institusional struktur formalaşdırılır:

"Bu dəyişiklik müasir media mühitində baş verən transformasiyaların hüquqi və idarəetmə müstəvisində əks olunması zərurətindən irəli gəlir.

Son illərdə informasiya texnologiyalarının sürətli inkişafı ənənəvi media növləri arasındakı sərhədləri əhəmiyyətli dərəcədə zəiflədib. Əvvəllər radio, televiziya, çap mediası və onlayn media ayrıca fəaliyyət istiqamətləri kimi qiymətləndirildiyi halda, hazırda onların funksiyaları böyük ölçüdə inteqrasiya olunub. Müasir media qurumları eyni vaxtda mətn, audio və video formatlarında informasiya hazırlamaq və yaymaq imkanına malikdir. Məsələn, xəbər portalları televiziya süjetləri hazırlayır, televiziya kanalları isə rəqəmsal platformalar vasitəsilə operativ xəbər yayımını həyata keçirirlər.

Bu baxımdan yeni qurumun yaradılması media sektorunda formalaşmış reallıqların nəzərə alınmasına yönəlmiş institusional addım kimi qiymətləndirilə bilər. Eyni zamanda, bu dəyişikliklərin media haqqında qanunvericilikdə də əksini tapması gözlənilir. Qanunvericiliyin yenilənməsi media subyektlərinin fəaliyyətinin daha çevik və operativ təşkilinə, informasiya mühitində baş verən dəyişikliklərə uyğunlaşmasına, habelə cəmiyyətin informasiya təminatının müasir tələblər əsasında həyata keçirilməsinə xidmət edə bilər”.

Media eksperti Azər Həsrətin sözlərinə görə, süni intellekt artıq həyatın demək olar ki, bütün sahələrinə nüfuz edib və onun tətbiq dairəsi getdikcə genişlənir. Yaxın gələcəkdə istər təhsil, səhiyyə, media, biznes, istərsə də dövlət idarəçiliyi sahələrində süni intellekt texnologiyalarından istifadənin zərurətə çevriləcəyi gözlənilir:

"Belə bir şəraitdə bu texnologiyanın istifadəsi ilə bağlı hüquqi çərçivənin formalaşdırılması, onun yaratdığı imkanlar və risklər arasında balansın qorunması mühüm əhəmiyyət daşıyır.

Tarixi təcrübə göstərir ki, yeni texnologiyaların sürətlə yayılması ilkin mərhələdə müəyyən çaşqınlıqlar və hüquqi boşluqlar yaradır. Məsələn, sosial medianın meydana çıxdığı ilk dövrlərdə həm Azərbaycanda, həm də dünyanın bir çox ölkələrində istifadə qaydaları və məsuliyyət mexanizmləri kifayət qədər formalaşmamışdı. Zaman keçdikcə qanunvericiliyin təkmilləşdirilməsi və ictimai maarifləndirmə nəticəsində bu sahədə daha sistemli yanaşma formalaşdı.

Süni intellekt də oxşar inkişaf mərhələsindən keçir. Son illərdə geniş yayılmasına baxmayaraq, bu texnologiya hələ də yeni imkanlar və çağırışlar yaradan bir sahə kimi qiymətləndirilir. Buna görə də istifadəçilərin süni intellektdən düzgün yararlanması, onun tətbiqi zamanı yarana biləcək hüquqi və etik məsuliyyətləri dərk etməsi üçün müvafiq qanunvericilik bazasının yaradılması vacibdir.

Bu baxımdan Azərbaycanda süni intellektin hüquqi tənzimlənməsinə yönəlmiş addımlar qlobal tendensiyalara uyğun yanaşma kimi qiymətləndirilə bilər. Belə bir qanunvericilik bazası həm texnologiyanın təhlükəsiz və səmərəli istifadəsinə, həm də ölkənin rəqəmsal transformasiya prosesində beynəlxalq inkişaf tempindən geri qalmamasına xidmət edəcək”.

Texnoloq Elvin Həsənov bildirir ki, Azərbaycanda süni intellektlə bağlı ayrıca qanunun hazırlanması əslində texnologiyanın həyatımıza nə qədər sürətlə daxil olmasının göstəricisidir:

“Bir neçə il əvvəl süni intellekt daha çox gələcəyin texnologiyası kimi baxılırdı, bu gün isə artıq məqalələr yazır, şəkillər yaradır, videolar hazırlayır, proqram kodu yazır və milyonlarla insan tərəfindən istifadə olunur. Belə bir şəraitdə qaydaların formalaşdırılması qaçılmazdır. Mənim fikrimcə bu qanunun ən böyük təsir hissəsindən biri AI ilə hazırlanmış məzmunun məsuliyyəti kimdədir? sualına cavab vermək olacaq. Çünki bu gün hər kəs süni intellekt vasitəsilə şəkil, video və ya mətn yarada bilir. Sabah hansısa saxta xəbər yayılarsa, deepfake video hazırlanarsa və ya kiminsə imicinə zərər vurularsa, məsuliyyətin kimə aid olduğu ilə bağlı hüquqi boşluqlar yaranır. Qanun məhz bu kimi məsələləri daha aydın tənzimləyə bilər. Startaplar üçün isə məsələnin başqa tərəfi var. Hazırda bir çox gənc sahibkar AI əsaslı məhsullar hazırlayır. Qaydaların olmaması bəzi hallarda qeyri-müəyyənlik yaradır. İnvestor da, sahibkar da gələcəkdə hansı hüquqi çərçivədə fəaliyyət göstərəcəyini bilmək istəyir. Bu baxımdan düzgün hazırlanmış qanun ekosisteminin inkişafına mane olmaq əvəzinə ona əlavə güvən verə bilər. Təbii ki, media və bloqerlər üçün də yeni dövr başlayıb deyə bilərik. Çünki artıq oxucu və izləyici gördüyü görüntünün, eşitdiyi səsin və oxuduğu xəbərin real olub-olmadığını ayırd etməkdə çətinlik çəkir. Süni intellekt vasitəsilə yaradılmış məzmunun işarələnməsi, şəffaflığın artırılması və dezinformasiyanın qarşısının alınması gələcəkdə daha çox əhəmiyyət qazana bilər. Hər zaman deyirəm ki, burda ən vacib məqam hazırlanan qanun texnologiyadan qorxaraq yox, onu düzgün idarə etmək məqsədilə hazırlanmalıdır. Çünki süni intellekt artıq qarşısı alınacaq texnologiya deyil. Məsələ onun istifadəsini məhdudlaşdırmaq yox, təhlükəsiz, etik və məsuliyyətli şəkildə tətbiq edilməsini təmin etməkdir”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər