Sənaye zonaları sahibkarlar üçün hansı güzəştləri təklif edir?
Azərbaycanda sənaye zonaları (sənaye parkları və məhəllələri) qeyri-neft sektorunun inkişafı və regionlarda biznesin canlandırılması baxımından mühüm rol oynayır. Bu zonalarda sahibkarlar üçün həm maliyyə yükünü azaldan, həm də istehsalı stimullaşdıran geniş güzəştlər paketi təklif edilir.
Bəs sənaye zonaları iş adamlarına hansı vergi, gömrük və infrastruktur üstünlüklərini qazandırır?
İqtisadi Zonaların İnkişafı Agentliyinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Taleh Quliyev Operativ Media-ya bildirib ki, İZİA-nın idarə etdiyi sənaye parklarında sahibkarlar üçün geniş təşviqedici mexanizmlər tətbiq olunur.
"Bu tədbirlər sahibkarların fəaliyyətini asanlaşdırmaq və investisiya mühitini daha da cəlbedici etmək məqsədi daşıyır.
İlk növbədə, rezidentlər dövlət vəsaiti hesabına yaradılmış hazır infrastrukturla təmin edilirlər.
Buraya qaz, elektrik enerjisi, su, kanalizasiya sistemləri, daxili avtomobil və dəmir yolları, həmçinin müasir rabitə xətləri daxildir.
Eyni zamanda, rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən azad olunurlar.
Həmçinin, istehsal məqsədilə idxal olunan texnika və avadanlıqlar ƏDV və gömrük rüsumlarından azad edilir.
Bu güzəştlər investisiya xərclərinin azalmasına, layihələrin daha qısa müddətdə rentabelli olmasına və sənaye parklarının investisiya baxımından cəlbediciliyinin yüksəlməsinə şərait yaradır. Bunun nəticəsində sənaye parkları investorlar üçün əlverişli və rəqabətqabiliyyətli biznes platforması kimi çıxış edir.
Təşviq mexanizmlərinin səmərəliliyi statistik göstəricilərdə də öz əksini tapır. Ümumilikdə bu günədək əldə olunan qənaətin həcmi 567 milyon manatı ötüb. Yalnız 2025-ci ildə rezidentlər vergi və gömrük güzəştləri hesabına 42,3 milyon manatdan artıq vəsaitə qənaət ediblər.
Bu rəqəmlər tətbiq edilən dəstək və güzəşt alətlərinin biznes subyektləri üçün mühüm maliyyə üstünlükləri yaratdığını göstərir. Eyni zamanda, həmin mexanizmlər investorların qərar qəbuletmə prosesinə müsbət təsir göstərərək yeni investisiyaların cəlb olunmasına və istehsal fəaliyyətinin genişlənməsinə əlverişli zəmin formalaşdırır".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramovun sözlərinə görə, sənaye zonaları qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır?
"Bu zonalarda fəaliyyət göstərən sahibkarlar üçün geniş güzəştlər tətbiq olunur. Həmin güzəştlərə bir sıra vergilərdən azadolma, dövlət tərəfindən zəruri infrastrukturun yaradılması və digər dəstək mexanizmləri daxildir. Bu isə öz növbəsində ölkə iqtisadiyyatının inkişafına əlavə stimul verir.
Məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən qeyri-neft sektorunun inkişafı və ixrac imkanlarının genişləndirilməsi ölkənin əsas prioritetlərindən biri kimi müəyyən edilib. Son dövrlərdə Azərbaycanın iqtisadi potensialının qonşu ölkələrlə, xüsusilə də Türkmənistanla əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli zəmin yaratdığı vurğulanır.
Bu prosesdə qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarların rolu xüsusilə önəmlidir. Sahibkarlar sənaye zonalarında təqdim olunan güzəştlərdən yararlanaraq fəaliyyətlərini genişləndirmək imkanı əldə edirlər. Xüsusilə Ələt Azad İqtisadi Zonasında emal sənayesi sahəsində çalışan sahibkarlar üçün əlverişli şərait formalaşdırılıb. Burada fəaliyyət göstərən rezidentlər bir sıra vergilərdən azad edilir və istehsal etdikləri məhsulların böyük hissəsini xarici bazarlara çıxarmaq imkanına malik olurlar.
Bu da Azərbaycanın qeyri-neft məhsullarının Mərkəzi Asiya və digər regional bazarlara ixracının genişlənməsinə şərait yaradır. Beləliklə, sənaye zonaları bir tərəfdən iqtisadiyyatın şaxələndirilməsi və davamlı inkişaf hədəflərinə xidmət edir, digər tərəfdən isə sahibkarlar üçün yeni investisiya və inkişaf imkanları yaradır”.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanda regional sənaye zonaları yerli sahibkarlar üçün bir sıra güzəştlər təqdim edir:
“Bu güzəştlərə vergi və gömrük imtiyazları, hazır istehsal və infrastruktur imkanlarından istifadə, torpaq və obyektlərin əlverişli şərtlərlə icarəsi, kommunal xidmətlərə çıxışın asanlaşdırılması və dövlət dəstəyi proqramlarından yararlanmaq imkanları daxildir. Sənaye zonalarında fəaliyyət göstərən sahibkarlar müəyyən müddət ərzində mənfəət, torpaq və əmlak vergilərindən azad oluna, həmçinin istehsal üçün idxal etdikləri avadanlıq və texnologiyalara görə gömrük rüsumu və əlavə dəyər vergisi güzəştlərindən faydalana bilərlər. Bu imkanlar biznes xərclərinin azalmasına, investisiyaların təşviqinə və regionlarda istehsal fəaliyyətinin genişlənməsinə xidmət edir”.


