Kimlər övladlığa uşaq götürə bilməz? - Qanun nə deyir?
Övladlığa uşaq götürmək istəyən şəxslər qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməlidirlər. Namizədlərin sağlamlıq vəziyyəti, mənzil-məişət şəraiti, gəlirləri və uşağın tərbiyəsi üçün yararlılığı qiymətləndirilir. Bəzi xəstəliklərə malik şəxslərin övladlığa götürməsinə qanunla məhdudiyyət qoyulur. Övladlığa götürmə yalnız uşağın mənafeyi nəzərə alınmaqla həyata keçirilir. Məhkəmənin övladlığa götürmə barədə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra valideyn və uşaq arasında hüquqi ailə münasibətləri yaranır.
Bu sözləri Operativ Media-ya açıqlamasında vəkil Ramil Vəliyev deyib.
O bildirib ki, övladlığa götürülmüş uşaq övladlığa götürən şəxslərin bioloji övladı ilə eyni hüquqi status əldə edir. Qanuna görə övladlığa götürülənlər əmlak və qeyri-əmlak hüquqları baxımından mənşəcə qohumlara bərabər tutulurlar. Bu səbəbdən övladlığa götürülmüş uşaq miras hüququ baxımından bioloji övladlarla eyni hüquqlara malik olur.
Eyni zamanda, ümumi qayda olaraq, uşağın əvvəlki valideynləri və onların qohumları ilə əmlak və miras hüquqları dayandırılır. Lakin övladlığa götürmə münasibətləri bəzi hallarda məhkəmə tərəfindən ləğv edilə bilər. Valideynlik vəzifələrinin yerinə yetirilməməsi belə hallardan biridir. Valideynlik hüquqlarından sui-istifadə edilməsi də övladlığa götürmənin ləğvinə əsas yaradır. Uşağa qarşı qəddar rəftar və ya övladlığa götürən şəxsin xroniki alkoqolizm və narkomaniya xəstəliyindən əziyyət çəkməsi də ləğv üçün əsas hesab olunur.
Övladlığa götürmənin ləğvi nəticəsində tərəflər arasında yaranmış hüquq və vəzifələr qanunla müəyyən edilmiş qaydada xitam tapır. Hüquqi məsələlərlə yanaşı, uşağın yeni ailəyə uyğunlaşması da xüsusi əhəmiyyət daşıyır. Valideynlər uşağın keçmiş həyat təcrübəsinə və emosional vəziyyətinə həssas yanaşmalıdırlar.
Uşağın yeni ailəyə alışması üçün ona təhlükəsizlik, sevgi və sabitlik hissi verilməlidir. Valideynlər uşağın etibarını qazanmağa çalışmalı və onu tələsdirməməlidirlər. Sağlam hüquqi münasibətlərlə yanaşı, düzgün psixoloji dəstək də övladlığa götürmənin uğurlu və davamlı olmasının əsas şərtlərindən biridir”.